Dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzə
Koreya yarımadasında vəziyyət günbəgün gərginləşir
Şimali Koreya ilə "düşmən qardaş” olan Cənubi Koreya və müttəfiqi ABŞ arasında gərginlik hər gün bir az da artır.
İstiPress-in məlumatına görə, ABŞ USS Carl Vinson təyyarə və digər döyüş gəmilərini Koreya yarımadasına göndərdikdən sonra şərqi Asiyada olan yarımadada qırmızı həyəcan siqnalı verilib.
Rəsmi Pxenyan ölkədə fəaliyyət göstərən əcnəbi jurnalistlərdən böyük və önəmli hadisəyə hazır olmalarını istəyib. Yaponiya donanması da bölgəyə tərəf hərəkət edir.
Vaşinqtonda isə iddia edilir ki, Şimali Koreya lideri Kim Çen In yeni nüvə sınağını həyata keçirməyi planlaşdırır. Çin isə xəbərdarlıq edib ki, bölgədəki problem hərbi güclə həll edilə bilməz.
Ehtimal edilir ki, Kim Çen In nüvə silahını yerin altında sınaqdan keçirəcək. Vaşinqtona bağlı "38 North” araışdırma mərkəzinin əldə etdiyi peyk fotolarından görünür ki, Şimali Koreyanın cənubundakı Punggye adlı ərazi nüvə sınağı üçün hazır vəziyyətə gətirilib.
Şimali Koreya bu günə qədər yerin altında 5 nüvə sınağı həyata keçirib. Sonuncu nüvə sınağı keçən il olub.
Gözlənilməz qərarlar verməklə tanınan ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyaya nüvə sınağı ilə bağlı xəbərdarlıq edib.
"Çin lideri Si Tszinpinə zəng vuraraq Şimali Koreya rejiminə təzyiq göstərməyi xahiş etdim. Xahiş etdim ki, Şimali Koreya rəhbərliyinə çatdırsın ki, ABŞ-ın təkcə təyyarədaşıyanları yox, atom sualtı qayıqları da var”, Tramp Çin lideri ilə telefon danışığında deyib.
ABŞ prezidenti ilə Çin lideri arasında telefon danışığı aprelin 11-də olub. Tramp deyib ki, telefon danışığı zamanı Pxenyanın nüvə silahına malik olmasına imkan verməməyin zəruriliyini diqqətə çatdırıb.
Miq.az