Elza İlhaməni məhkəmə ilə hədələdi: "Bu sözlərin cavabını verəcəksiniz"
Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevanın onun
deputat olmaq istəyi haqda fikirlərinə münasibətini bildirib.
Vətəninfo.az xəbər verir ki, E.Seyidcahan Axşam.az-ın əməkdaşı ilə söhbətində bunları deyib:
"Onun sözləri mənə təsir etmədi. Bilsəydim ki, mənə canıyanan, məntiqli
biri məsləhət verir, o zaman qulaq asardım. Onu məhkəməyə vermək üçün
lazımi qədər dəlilim var. Ağıl yaşda yox, başdadır. Bundan əvvəl də
haqqımda çox sözlər danışıb. Azərbaycan bayrağını təhqir edən, məşəli
qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır. Qəlyan qadına
yaraşar? Heyvanların qorunması üçün konsert vermişəm deyə, məni meymun
adlandırır. Bu cinayətdir. Hər bir Azərbaycan vətəndaşının millət
vəkiliyinə namizədliyini irəli sürmək haqqı var. Mənə deyəndə filankəs
millət vəkilliyinə namizəd olub, cavab verirəm ki, "uğurlar”.
E.Seyidcahan
İ.Quliyevanın da bir vaxtlar millət vəkili olmağı arzuladığını iddia
edib: "Nəsimi rayonunun ərazisində yaşayıram, neçə il bundan əvvəl
İlhamə Quliyeva qapı-qapı gəzib, insanlardan səs toplayırdı. Millət
vəkili olmaq, parlamentdə oturmaq onun ən böyük arzusu idi. Alınmadısa,
mən nə edim? Mən şou-biznes adamı deyiləm. Həmişə ciddi əsərlər
yazmışam. Zamanın nəbzini tutan biriyəm. Qapı-qapı gəzib dayımdan,
əmimdən, qonşularımdan pul yığıb övladlarımı böyütməmişəm ki... Toylara
da, şou-proqramlara da getmişəm, halal pulumu qazanmışam,
bacı-qardaşıma, övladlarıma baxmışam. Əlimdən gəldiyi qədər imkansızlara
kömək olmuşam. Bunları reklam etməyə ehtiyacım yoxdur. Qazandığım pulla
mahnılarımı aranjiman etdirmişəm. İlhamə xanıma qarşı heç vaxt
hörmətsiz davranmamışam. Yeri gəlib, xəstələnəndə onun ayaqlarını da
yumuşam, bahalı hədiyyələr aparmışam. Ona görə yox ki, başqaları kimi
ondan qorxuram. Üzünə gülüb, arxada qeybətini etmirəm. Çünki mən ailə
tərbiyəsi almışam. O insan hörmət, yaxşılıq bilmir. Özü diliylə deyir
ki, mənə pislik edin. Onun bu tələbini etməyəcəyəm. Müdrik olacağam.
Millət vəkili seçilsəm sülh yaradacağam”.
E.Seyidcahan özünü
şou-biznesdə görmədiyini də bildirib: "Mənim layihələrim şou xarakterli
olmayıb. Onu İlhaməkimilər şoulaşdırır. Çıxır efirdə nə gəldi danışır.
Arxivdə Elzanın da, İlhamənin də çıxışlarına baxın. Mən nəinki özümü,
heç pişiyimi də təhqir etmələrinə icazə vermərəm. Onu keçirdiyim "Uğura
doğru” konsertimə çağırdım. Müsahibə verdi ki, səviyyəsiz yerdə nə işim
var. Əgər mən səviyyəsizəmsə, evimdə, oğlumun toyunda nə işi var?
Mahnımı ("Ağ çiçəyim” – red.) niyə oxuyursan? Məndən nə istəyir? Mən də
başqaları kimi çıxım efirdə deyim ki, "o, xanım yox, İlhamədir?". Sonra
da gəlsin desin ki, "Səninlə duet oxumaq istəyirəm”. İlhamə xanım, sizi
təhqir etmək istəmirəm. Amma bu sözlərin cavabını verəcəksiniz. Əməkdar
artisti, iki uşaq anasını təhqir etmək nə deməkdir? Mən İlhamə xanımdan
fərqli olaraq sənət dostlarım arasında mehriban biri kimi tanınıram.
Yığır başına müğənniləri, böyüyü kiçiyin üzünə, kiçiyi böyüyün üzünə ağ
edir. Bir-birinin ardınca pis sözlər dedizdirir, ortada qoyursunuz. Siz
sülh nədir bilmirsiniz. Allah sizə şəfa versin”.