Emin: "Cennifer Lopeslə duet oxumaram"
Müğənni-bəstəkar Emin "Leaders” dərgisinə müsahibə verib.
Vətəninfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, ifaçı dünya ulduzu Cennifer Lopeslə dostluğundan
danışıb. O, "Yaxın günlərdə hansısa bir dünya ulduzu ilə duet oxumaq
planınız var” sualına belə cavab verib:
"Mən Çarli Uilyamsla duet
oxumuşam. Məşhur ulduzlara gəldikdə isə Cennifer Lopeslə dostluğumuz
var. Duetimiz isə olmayacaq. Boksla məşğul olmuşam. Rinqə çıxanda sənin
rəqibin çəkinə uyğun biri olur. Cennifer Lopeslə duet oxumaq isə mənim
aləmimdə nəhəng biri ilə rinqə çıxmağa bənzəyər. Bu danışılmış, istifadə
olunmuş bir mənanı verəcək. Ona görə də Lopesə Eminlə duet lazım deyil.
Böyük sənətkarlarla oxumaq üçün, böyük sənətkar olmaq lazımdır. Ona
görə də məndən səs-küylü duet gözləməyin”.
Biznesindən danışan Emin atasından ayrı açdığı iş yerlərini açıqlayıb:
"Mənim
məhləm var. Tez-tez restoranlar açıram. Saat brendinin satışı ilə
məşğulam. "Time to eat” adlı dərgim, "Crocus TV”im var. Öz komandamla
qurduğum bütün işlərimi də ailə biznesinin bir hissəsi hesab edirəm.
Xəyalımda olan bizneslərim çoxdur. Zamanla onları reallaşdırıram. İki
"Vegas” ticarət mərkəzi açdıq. Üçüncünü planlaşdırmışam. Bu daha maraqlı
və fərqli olacaq”.
Müğənni əkizləri Əli və Mikayıldan da bəhs edib:
"Onlara
çox vaxt ayıra bilmirəm. Onlar başqa ölkədə yaşayırlar. Hər həftə
yanlarına gedir, səhərdən gecəyə kimi onlarla oluram. Evdə böyük uşaq
kimiyəm. Çox şən oluram. Böyük ev tikdirmişəm, oğullarım Moskvaya
gələndə onlarla orada qalıram. Maraqlı vaxt keçirirk”.
Emin heç bir stilistlə çalışmadığını geyimlərini özünün seçdiyini bildirib:
"Nəyi
bəyənirəmsə, onu da geyinirəm. Bəzən klip çəkilişlərində stilistlər
libaslar geyinməyimi təklif edirlər. Bu mübahisə hər zaman mənim
qalibiyyətimlə nəticələnir. Mən qarderobumda nə varsa, onu geyinir
kamera qarşısına çıxıram. Formada qalmaq üçün idman edirəm. Vaxtım
olanda futbol oynayır, boksla məşğul olur, velosiped sürürəm. Ya da
idman zalına gedirəm. Restoranlarım çoxdur. Şam yeməyini hər gün birində
edirəm. Gün ərzində baş verənlərlə bağlı məlumatlar alır, günü xoş başa
vururam. Özüm dadlı pomidor-yumurta bişirirəm”.
Sevimli şəhəri – Moskva
Maşını – Range Rover
Əgər ev heyvanı saxlayarsa – pişik
Kişi mütləq... – Maşın sürməyi bacarmalıdır.
Əgər mənə pisdirsə - Sükan arxasına keçirəm.
İnsanlarda sevmirəm – Qeyri-səmimiliyi.
Həftəsonunu xaricdə keçirmək istəsəm – Bakıya gedərəm.
Sevimli musiqi qrupu – "Queen”.
Sizin üçün lider kimdir – Atam