Gürcülər “Qazprom”a qarşı: “Müstəqilliyimizi itiririk”
Gürcüstanın "Tabula” teleşirkətinin və jurnalının rəhbərliyi "Qazprom”a qarşı etiraz aksiyası hazırlayır.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Aksiya oktyabrın 17-də hökumət binasının qarşısında baş tutacaq.
Təşkilatçılar aksiyaya "Qazprom – azadlığın qaz kamerası” adı veriblər. Etirazçılar həmçinin sosial şəbəkələrdə öz mesajlarını da yayıblar:
"Gürcüstanın müstəqilliyi təhdid altındadır. Hökumət bizi "Qazprom”un tələsinə aparır. Rus qazı Putinin geosiyasi silahıdır. "Qazprom”dan asılılıq qaranlıqda olan kasıb Gürcüstan deməkdir”.
Qeyd edək ki, Gürcüstan "Qazprom” şirkəti ilə danışıqlara başlayıb. Rəsmi Tiflis enerji mənbələrini diversifikasiya etməyi düşündüyünü və bundan əl çəkməyəcəyini bildirib.
Hazırda Gürcüstanın qazla təchizatının 60%-dən çox hissəsini SOCAR həyata keçirir.