I Avropa Oyunlarında ölkəmizə qızıl medal qazanan paracüdoçu İlham Zəkiyev cəbhə bölgəsinə gedib.
Vətəninfo.az Avropa.info-ya istinadla
xəbər verir ki, İ.Zəkiyevin
sosial şəbəkədə müzakirələrə səbəb olan fotosu ötən gün Murovda
hərbçilərimizlə görüşü zamanı çəkilib: "Müdafiə Nazirliyinin təşkil
etdiyi bu görüşə böyük məmuniyyətlə razılıq verdim. Hələ bundan sonra da
bir neçə yerdə hərbçilərimizlə görüşəcəyik. Daha çox ön cəbhədə
görüşlərimiz olacaq. Ali baş komandan, cənab prezident İlham Əliyev,
müdafiə naziri, general-polkovnik Zakir Həsənov daim ön cəbhədə
əsgərlərimizlə görüşür. Bu baxımdan mən də özümə borc bildim ki,
əsgərlərimizlə ön cəbhədə görüşüm”.
Qeyd edək ki, İlham Zəkiyev
kəşfiyyatçı olub. Bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən
bacarıqla gələn əsgər Zəkiyev 7 ay orduda nümunəvi xidmət edib, fəxri
fərmanlar alıb.
1999-cu ilin fevral ayında növbəti dəfə döyüş
tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində
İlham yaralanıb. Güllə onun başına dəyib, sol gicgahından girərək sağ
gicgahından çıxıb. O, aldığı yaradan komaya düşüb. Komadan çıxdıqdan
sonra məlum olub ki, İlham görmə qabiliyyətini tamamilə itirib. Həkimlər
hətta belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə
sayırdılar. Bütün göstərilən səylərə baxmayaraq, İlhamın görmə
qabiliyyətini qaytarmaq mümkün olmayıb.
İlham Zəkiyev birinci
dərəcəli Qarabağ əlili kimi evə dönüb. Bu zaman onun hələ 19 yaşı tamam
olmamışdı. Hərbi xidmətdən evə dönən İlham idman karyerasına başlayıb. 2
dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə
Avropa çempionu olub. Bu il isə Bakıda keçirilən Birinci Avropa
Oyunlarının qızıl medalını qazanıb.
O, Əməkdar idman ustası, "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif edilib.