“Marşrut taksiləri, adi taksilər Bakı Beynəlxalq Avtovağzalına buraxılacaq"
"Bakı şəhəri rayon qeydiyyatında olan, respublikanın şəhər və
rayonlarından, həmçinin ölkə xaricindən gələn minik avtomobilləri üçün
açıqdır. Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya girişinə
heç bir məhdudiyyət qoyulmayacaq".
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bunu
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının "Bakı
şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə
tədbirlər haqqında” qəbul etdiyi qərarı şərh edən Komissiyanın sədri,
baş nazirin müavini Abid Şərifov deyib.
A.Şərifov bildirib ki,
bölgələrdən kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat
vasitələri 24 saat ərzində Bakıya daxil ola bilər: "Marşrut taksiləri,
adi taksilər Bakı Beynəlxalq Avtovağzalına buraxılacaq. Ancaq rayondan
gələn bu taksilər şəhərin mərkəzində, "Tarqovı”da gəzməli deyil. Bu
taksilər avtovağzalda sərnişinlərini düşürüb, yeni sərnişinlərini yığıb
geri qayıtmalıdır”.
A.Şərifov sentyabrın 1-ə qədər şəhərin cənub
və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri
şəraiti olan ödənişsiz duracaqların təşkili və bu müddət ərzində
duracaqların tikintisi ilə bağlı Daxili İşlər Nazirliyinə verilən
tapşırığa da aydınlıq gətirib: "Maksimum kütləsi 5 tondan artıq olan yük
avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək
səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək
səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılacaq. Tikiləcək
bu duracaqlar yük avtomobilləri üçün olacaq. Çünki rayondan gələn 10
tonluq yük avtomobillərinin dayanması üçün duracaqlar yoxdur. Bu yük
avtomobilləri üçün duracaqlar təşkil edirik ki, şəraitləri olsun. O yük
avtomobillərinin sürücüləri də insandırlar, yanlarında da bəlkə kimsə
var, heç olmasa oturub orada çay içə bilsin. Duracaqlar pulsuz olacaq,
həmin şəxslər isə orada qalmaq istəməyəcəklərsə, duracaqlardan şəhərə
avtobuslar, taksilər işləyəcək, avtobus və taksilərlə şəhərə gələ
bilərlər”.
Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin Yol Hərəkəti
Təhlükəsizliyi Komissiyasının "Bakı şəhərində nəqliyyatın hərəkətinin
təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib.
Qərara əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş
Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra
Hakimiyyətinə tapşırılıb ki, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və
xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ
nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum
kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı
şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat
22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat
21:00-dək məhdudlaşdırılacaq. Gündüz saatlarında kütləsi 5 tondan artıq
olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə
razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsinin xüsusi icazələri əsasında təşkil ediləcək. Daxili İşlər
Nazirliyi, Nəqliyyat Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi,
Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra
Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti Bakı şəhərinə
respublikanın şəhər və rayonlarından, həmçinin ölkə xaricindən gələn
ümumi istifadədə olan nəqliyyat vasitələri istisna olmaqla, digər növ
avtonəqliyyat vasitələri üçün şəhərin cənub və şimal istiqamətlərindən
giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz
duracaqların təşkili ilə bağlı təklifləri üç gün müddətində Yol Hərəkəti
Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər. Eyni zamanda, Bakı
şəhərinə gələn taksi avtomobilləri üçün şəhərə daxil olmadan çatma
məntəqəsi kimi Bakı Beynəlxalq Avtovağzalı təyin olunub. Daxili İşlər
Nazirliyinə duracaqların tikintisini 2015-ci ilin sentyabrın 1-dək başa
çatdırmaq, Nəqliyyat Nazirliyinə isə duracaqlardan istifadə edən
sürücülərin və sərnişinlərin Bakı şəhərinin daxilinə çatdırılması üçün
avtobus və taksi dayanacaqlarının və müvafiq avtobus marşrutlarının
təşkilini təmin etmək tapşırılıb.