Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni
dizaynda istifadəyə verilib.
Vətəninfo.az Trendə istinadla bildirir ki, www.mehriban-aliyeva.az ünvanında yerləşən sayt Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın həyatı və ictimai-siyasi fəaliyyətini
əks etdirir.
"Xəbərlər”, "Bioqrafiya”, "Fəaliyyət”, "Səfərlər”, "Görüşlər”,
"Müsahibələr”, "Çıxışlar” və digər bölmələrdən ibarət olan saytda
Mehriban Əliyevanın Heydər Əliyev Fondu və Azərbaycan Gimnastika
Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun rəhbəri,
millət vəkili, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti,
çıxışları və müsahibələri, eləcə də həyatına dair müxtəlif məlumatlar,
foto və videolar izləyicilərə təqdim olunur.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda, həmçinin
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu müxtəlif
mükafatlar barədə məlumatlar, mətbuatda yer almış məqalələr
yerləşdirilib.
İzləyicilər saytın foto və video bölməsində Mehriban Əliyevanın
ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda
ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər, görüşlər
zamanı maraqlı anları əks etdirən fotolarla da tanış ola bilərlər.
Saytda uşaqlar üçün səhifə də yaradılıb. Bu səhifədə Mehriban Əliyevanın
çoxşaxəli fəaliyyətində uşaqlara qayğının əsas yer tutması barədə
məlumat verilir, həmçinin onlar üçün "Azərbaycanım”, "Oyunlar”, "Bu
maraqlıdır” kimi bölmələrdə maarifləndirici oyun və məlumatlar təqdim
olunur. "Azərbaycanım” bölməsində uşaqlara tariximiz, adət-ənənələrimiz,
unudulmaz tarixlərimiz barəsində informasiyalar çatdırılır. Saytda
uşaqlar üçün yaradılan səhifədə eyni zamanda müxtəlif cizgi filmlərini
də izləmək mümkün olacaq.
Qeyd edək ki, saytın mobil telefon və planşetlər üçün versiyası da istifadəyə verilib.