Məryəm Əliyeva- Yeni şeirlər
Mən elə bir Günəşəm,
Odum səni yandırır.
Uçur qığılcımları-
Ağ kəfəni yandırır.
İllərinin kəməndi,
Düyünləri əmindi.
Elə bilmə qəm indi,
Bircə məni yandırır.
Gördüyün dərd dəstəsi,
Bir buludun bəstəsi.
Damcıların istisi,
Çökür, çəni yandırır.
***
Gözüm üstə olanlarım,
Gözümdə əsdi bilmədim!
Bağlamadı kipriyimi,
Nə idi qəsdi ,bilmədim!
Bir ümiddən fərəhlənən,
Sevdasıyla yəhərlənən.
Bilə-bilə qəhərlənən,
Yaşımı kəsdi, bilmədim!
Önü bağlı arzularım,
Yarı,bütöv duyğularım.
Quş qanadlı xəyallarım,
Bəxtimə küsdü, bilmədim!
Duman çökdü tellərimə,
Külüng çaldı illərimə,
Danışmadı dil yerimə,
Sədaydı,səsdi,bilmədim!
Kiçik, böyük qırışlarım,
Ağ-qaralı naxışlarım.
Ölüm-qalım yarışlarım,
Söylədi, bəsdi, bilmədim!
***
Saçlarımın qoxusunu köksünə,
Çəkə-çəkə çağlayasan, daşasan.
Bircə-bircə yığa bilsən dənlərin,
Ürəyinlə bağlayasan, yaşasam.
Köklənəsən birdəfəlik ömrümə,
Qoymayasan illərimi laxlaya.
Budaqlarım silkələsə bəxtimi,
Qismətinə "güllərimi” saxlaya.
Qatar-qatar arzularım yol gedə,
Körpü ola ürəyimə gözlərin.
Yüz ümiddən bircəsinin dalıyca,
Çata bilə köməyinə sözlərin.
İnsaf edə dil vüsalın cəhdinə,
Çəkə bilə kəlmə-kəlmə qəhərin.
Bəlkə onda danışmaya hicranım,
İçə bilə qurtum-qurtum zəhərin.
Mənim gözüm həyat adlı bir kitab,
Ürəklənib oxuyasan halımı.
Kipriyinlə hana qurub gözümdə,
Baxışınla toxuyasan xalısın.
Məryəm Əliyeva
Miq.Az