Polisə bıçaqla xəsarət yetirən oğru 12 il cəza alıb - FOTOLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Yalçın Cəfərovun CM-nin 29,177.2.1 (oğurluğa cəhd bir qrup şəxs tərəfindən törədildikdə) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, bu il martın 14-də Nəsimi rayonu, Moskva prospekti, 78 ünvanında əvvəllər məhkum olunan Yalçın Cəfərov və Laçın rayon sakini Ayxan Səfərov Bakı ş. sakini Nicat Tahirova məxsus "VAZ-2107" markalı avtomobildən oğurluğa cəhd edərkən Nəsimi RPİ Post Patrul Xidmətinin (PPX) əməkdaşları tərəfindən yaxalanıblar. Cəfərov tutularkən polis serjantı Samir Paşayevə müqavimət göstərib və ona bıçaqla xəsarət yetirib. Nəsimi RPİ 19-cu polis bölməsinə gətirilən şəxslərlə bağlı araşdırma aparılarkən, onların həmin gecə A.Məhərrəmov, 33B-nin qarşısında şəhər sakini Elçin Xəlilova məxsus "Mercedes" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstəməsi, eləcə də Cəfərovun CM-nin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə) maddəsi ilə axtarışda olması müəyyən edilib.
Məhkəmənin hökmü ilə Y.Cəfərov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Miq.az