Qətl törədən tibb bacısı və zərgər sevgilisi 39 il cəza alıblar- FOTOLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində Lalə Mahmudova və Sədi Məmmədovun CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, gəzdirmə və ya satma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, qətl ötən il sentyabrın 26-ı gecə saat 3 radələrində Yasamal rayonunda, İzmir küçəsindəki mənzillərdən birində baş verib. Səhərisi gün şəhər sakini Kamran Mahmudovun (1976-cı il təv.) itkin düşməsi barədə Yasamal RPİ-nin 27-ci polis bölməsinə məlumat daxil olub. İstintaq-əməliyyat yolu ilə, hadisədən 5 gün sonra Mahmudovun qətlə yetirilməsi məlum olub. Onun meyiti İsmayıllı rayonunda aşkar edilib, cinayətin isə mərhumun həyat yoldaşı Lalə Mahmudova və sevgilisi Sədi Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
İstintaqın gedişatında məlum olub ki, sentyabrın 26-da Sədi Məmmədov Lalənın yaşadığı evə gəlib, bu vaxt sonuncunun əri Kamran yatıb. Qurulan plana əsasən, Məmmədov üzərindəki "Makarov" markalı tapança ilə Mahmudovun baş nahiyyəsinə 3 dəfə atəş açaraq, onu öldürüb. Sonra izi itirmək məqsədilə, meyiti hissələrə bölərək əvvəl bağlamalara yığıblar, sonra isə "BMW" (10-KA-009) markalı avtomaşına yerləşdirib Sədinin İsmayıllı rayonunda qardaşına məxsus olan həyət evinə gətiriblər və basdıraraq, geri Bakıya qayıdıblar.
Qeyd edək ki, Lalə Mahmudova Bakıdakı dispanserlərdən birində tibb bacısı işləyib, Sədi Məmmədov isə zərgərlik mağazaların sahibi olub.
Məhkəmənin hökmü ilə Sədi Məmmədov 20 il və Lalə Mahmudova 19 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Miq.az