TQDK-dan xəbərdalıq: Bu kitabı almayın
Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) nəşriyyatlardan biri
tərəfindən hazırlanan və qurumun adına çıxarılan kitab barədə açıqlama
verib.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə,
həmin kitabın qurumla hər hansı bir əlaqəsi yoxdur. Son günlər analoji
hadisələrin intensivləşdiyinin bildirildiyi bəyanatda istehlakçıların bu
kimi hallara qarşı diqqətli olması vurğulanıb:
"Bu günlərdə "Didaktika" adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd
olunmuş "Azərbaycan tarixi” məlumat kitabı barədə bəzi saytlarda və
sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin
giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı
qeyd olunub.
Xatırladırıq ki, TQDK-nın qəbul proqramı əsasında hazırlandığı iddia
olunan "Azərbaycan tarixi” məlumat kitabı və digər bu tipli vəsaitlərlə
TQDK-nın heç bir əlaqəsi yoxdur. Komissiya tərəfindən hər il ali və orta
ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr
ayında nəşr olunur. 2016-cı il üzrə qəbul proqramları hələ ki,
hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun
ola bilməz.
Abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda
özlərinin nəşr etdikləri vəsaitləri abituriyentlər arasında daha
etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha
çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq
istifadə edir, bunun TQDK-nın proqramı əsasında və ya TQDK-nın
ekspertləri tərəfindən hazırladığını iddia edir. Qeyd edək ki,
abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası
tərəfindən hazırlanan tədris vəsaitləri yalnız "Abituriyent” jurnalına
əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa,
TQDK-nın hər hansı hazırlıq kursu ilə heç bir əlaqəsi yoxdur.
İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd
olunan "Vəsait” də bu qəbildən olmaqla Komissyaya heç bir aidiyyatı
yoxdur." - deyə TQDK-nın bəyanatında bildirilir.