“Xankəndində keçirilən hərbi yürüşə mütləq ordumuz nəzarət etməlidir” - Sabiq nazir

“Xankəndində keçirilən hərbi yürüşə mütləq ordumuz nəzarət etməlidir” - Sabiq nazir

Ötən günlərdə xəbər yayıldı ki, artıq Xankəndi aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb. Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilib ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb. Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir. Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənilir.
 
Xəbər yayılandan sonra Azərbaycan ictimaiyyətində ciddi narazılıqlar bildirilir, etiraz şərhləri yazılır.
 
Bu paradın Azərbaycan üçün təhlükəsi varmı?
 
"Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu hala sərt reaksiyalar davam etməlidir:
 
"Sülhməramlı qüvvələr əgər tərəflər arasındakı münasibətləri qaydaya salmağa gəliblərsə, onların məhdud məsuliyyətləri varsa, paradı nə üçün keçirirlər? Paradı dövlət öz paytaxtında keçirə bilər. Bu parad Qələbə günü münasibətilə keçirilir. Əgər onların sayı 1960 nəfərdirsə, bunla nə parad keçirəcəklər? Gedib hansısa mədəniyyət evində, qapalı məkanda tədbir keçirsinlər, qələbə şərəfinə nitqlər söyləyib, ürəklərini boşaltsınlar. Sonra da ermənilərin çaxırından içib yatsınlar. Dünyanın hansı ölkəsində sülhməramlı qüvvə parad keçirir? Parad keçirmək tərəfsizliyi pozmaq, erməniləri ruhlandırmaq, Azərbaycana psixoloji təzyiq etmək deməkdir. Parad təşkil etmək, həm də Rusiyanın bu bölgədəki əzələ nümayişidir. Paradın keçirilməsinə heç bir ehtiyac yoxdur. Bu, məqsəd və məramlardan kənara çıxan niyyətlər güdür. Ona görə də Azərbaycan tərəfi bu paradın keçirilməsinə qəti etirazını bildirməlidir. Qələbə gününü biz də qeyd edirik. Müharibədə iştirak edənləri bir yerə yığıb, onlara hədiyyələr verib, tədbir keçiririk. Bununla da məsələ bitir. Yoxsa faşizm üzərində qələbə günündə faşist kimi meydan oxumaq sözün əsl mənasında asıb-kəsməkdir”.
 
Qabil Hüseynli: "Sülməramlıların məhdud məsuliyyətləri varsa, paradı nə üçün keçirirlər?”
 
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə məsələ ilə bağlı fərqli fikirdədir. O, Axar.az saytına açıqlamasında bildirib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin 9 May - Qələbə Günü münasibətilə Xankəndində təntənəli yürüş keçirmək istəyində qeyri-adi bir şey yoxdur:
 
"Əksinə, biz bu tədbirdən öz maraqlarımız çərçivəsində istifadə edə bilərik”.
 
Tofiq Zülfüqarov: "Bu təntənəli yürüşə Müzəffər Ordumuzun əsgərləri də qatılmalıdır”
 
Politoloqun sözlərinə görə, Rusiya sülhməramlılarının bu təntənəli yürüşünə azərbaycanlı rəsmilər və hərbçilər də qatılmalıdır:
 
"9 May - Qələbə Günü bizim üçün də çox əhəmiyyətli bir bayramdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanın bu müharibədə 300 min vətəndaşı həlak olub. Hesab edirəm ki, bu təntənəli yürüşə Müzəffər Ordumuzun əsgərləri də qatılmalıdır. Çünki Azərbaycan ərazisində keçirilən hərbi yürüşə mütləq ordumuz nəzarət etməlidir. Digər tərəfdən, Türkiyə Qarabağda Birgə Monitorinq Mərkəzində Moskva ilə birlikdə işləyir. Bu mənada Türkiyə də bu tədbirdə iştirak etməlidir.
 
Tədbirdə hansısa tanınmayan qurumun "rəsmilərinin” iştirak etməsi, bizim üçün heç bir məna kəsb etməyən parçanın dalğalanması kimi mümkün hallar isə yolverilməzdir. Bununla bağlı narahatlığımızı öncədən Moskvanın diqqətinə çatdırmalıyıq. Erməni tərəfi bu tədbirdə təxribat törətmək üçün əlindən gələni edəcək. Ona görə də bu kimi halların qarşısı indidən alınmalıdır".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az