Azərbaycana qarşı sensasion təxribat: Həmin şəxslərə pulu kim verib?

Azərbaycana qarşı sensasion təxribat: Həmin şəxslərə pulu kim verib?

ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə qarşı radikal ünsürlər tərəfindən təxribat cəhdi olub. Aksiya zamanı ünsürlər təhqiramiz ifadələr səsləndirib və mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.

Təxribata ilk reaksiya və dəstək ABŞ-dakı erməni mənşəli ictimai-siyasi lobbi təşkilatı ANCA tərəfindən gəlib. Daha sonra ABŞ Konqresinin Nyu-Cersi ştatından olan üzvü Frank Pallone də Azərbaycan əleyhinə fikirlər səsləndirib.

Bu təxribat cəhdləri nəyə hesablanıb? Həmin şəxslərin arxasında hansı qüvvələr dayanır?

Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh bəzi dövlətlərin Cənubi Qafqaz siyasətinin fiaskosu oldu:

"Belə olan halda cənab İlham Əliyevin siyasətinin, şəxsiyyətinin, hətta ləyaqətsizcəsinə onun ailəsinin hədəfə alınması əslində gözlənilən idi. Ortada sadə bir həqiqət var: müharibənin zəfərlə bitməsi Azərbaycana daha müstəqil davranmaq imkanı verib. Cənab İlham Əliyevin simasında milli iradənin hakim olduğu Azərbaycana kənardan diktə etmək, sərvətlərini talayıb daşımaq mümkün deyil. Cənab İlham Əliyev fərd olaraq yox, bu reallığın memarı və qarantı kimi hədəfə alınıb.

Hər kəs əmin ola bilər: bir müddət öncə barəsində cinayət təqibi başlanan Ramiz Mehdiyev də, Əli Kərimli də, haqqında məhkəmənin ittiham hökmü çıxmış Ruben Vardanyan da, Vaşinqtonda Azərbaycan Prezidentinə qarşı təxribat törətmək istəyən muzdlu aksiyaçılar da, Şimal kəşfiyyatının çuğulları olan qanı xarab Hüseynov qardaşları da hamısı bir mərkəzdən idarə olunur. Vaşinqtonda təxribat zamanı Prezidentin Təhlükəsizlik xidmətinin əməkdaşlarının peşəkar davranışına münasibətdə artıq Frank Pallone kimi ünsürün dövriyyəyə girməsi, habelə ANCA-nın təxribatçılara dəstək verməsi bunu bir daha sübut edir.

Bəhruz Məhərrəmov

Bir sual verin: bu adamlar xaricə necə gedib, heç bir tələbə cavab vermədən necə viza alıblar, kim bunların bank hesabına pul qoyub və kimin himayəsində yaşayırlar?

Aydındır ki, hədəf bizim zəfərimizdir, hədəf suverenliyimizdir, torpaqlarımızdır, sərvətlərimizdir. Azərbaycan xalqı bu proseslərdə ayıq-sayıq davranmalı, cənab İlham Əliyevə uzanan dil və əl elə bu xalq tərəfindən kəsilməlidir.

Azərbaycan dövləti güclüdür. Vardanyanın da, Mehdiyevin də, Əli Kərimlinin də timsalında görürük ki, heç bir anti-Azərbaycan fəaliyyət cəzasız qalmır və qalmayacaq. Amma istənilən halda bu prosesdə aktiv davranmaq, ləyaqətsiz, ailə dəyərini itirmiş ünsürlərin qarşısında dayanmaq vətəndaşlıq borcudur”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az