Qroznıdakı turnirə hazırlıq məşqləri Minskdə nüfuzlu
yarışlarda iştirak edən istedadlı döyüşçülər - sparrinq-tərəfdaşlarla
keçirilir. Bu barədə "Report"a Azərbaycan döyüşçüsü, K-1 ustası Zabit
Səmədov, Qroznıda keçiriləcək turnirdə bosniya və hersoqovinalı rəqibi
Dzevad Poturak ilə qarşıdakı döyüşə hazırlığını şərh edərkən bildirib.
Onun
sözlərinə görə, fiziki hazırlığa xüsusi diqqət ayrılır: "Turnirə 2
həftə qalıb. Bu günlərdə Qroznıya yollanacam ki, döyüşə 10-12 gün
qalmış yerli iqlimə uyğunlaşım. Orada məşqçi ilə hazırlığı davam
etdirəcəyik. Bir neçə gün qalmış iş tempi azaldılacaq, ona qədər isə
gərgin hazırlıq gedəcək".
Z.Səmədov qeyd edib
ki, kiçik zədələri var, lakin onlarla 4-5 döyüşdə iştirak edib: "Ümid
edirəm ki, bu döyüşdə onlar heç bir problem yaratmayacaq".
Turnirlə
əlaqədər Zabit Səmədov bildirib ki, döyüşlər çətin olacaq: "Sənin adın
olduğu hər bir döyüşə sənə qalib gəlmək istəyən döyüşçülər çıxır. Buna
görə də asan olmayacaq, lakin ümid edirəm ki, hər şey yaxşı olacaq. Mən
bir neçə dəfə Qroznıda turnirdə qonaq olmuşam. Hər şey çox yüksək
səviyyədə keçir. Döyüşləri bütün idman kanalları yayımlayır. Turnir
yüksək səviyyədə olacaq, çünki Çeçenistan Respublikasının prezidenti
Ramzan Kadırovun nəzarəti altında keçiriləcək".
Öz
rəqibi Dzevad Poturak haqqında azərbaycanlı döyüşçü bildirib ki, o,
kifayət qədər təcrübəli idmançıdır, K 1 döyüşlərində çoxdan çıxış edir
və kikboksinqin bütün ulduzları ilə döyüşüb: "O, çox təcrübəlidir, hara
getdiyini və döyüş zamanı nə etmək lazım gəldiyini bilir. Mən qalib
gəlmək üçün bir qədər fənd işlətməli olacağam".
Qeyd
edək ki, döyüş Çeçenistanın paytaxtı Qroznı şəhərində avqustun 22-də
keçiriləcək. "Mauqli" ləqəbli Zabit Səmədov dünyada peşəkar rinqdə 9
ardıcıl qələbə ilə yadda qalıb. Onun ən böyük uğurları sırasında bir
neçə K-1 yarışlarının iştirakçısı, qara kəmər sahibi Makoto Uexara,
Türkiyənin yerli idmançısı Mert Akın, Dubayda keçirilən "Global Fighting
Championship 3" turnirində Stiv Makkinnon və Konqo-Almaniya əsilli
Danyo İlunqa üzərində qələbələri olub.