SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Bakının Nardaran qəsəbəsinin sakinləri ilə ötən illər ərzində böyük problemlər yaşayıb.
VİZUAL.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu bunu "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev deyib.
Ə. Hacıyevin sözlərinə görə, qəsəbə sakinlərinin müraciəti ilə qəsəbəyə yeni sayğaclar quraşdırılıb: "Əvvəllər Nardarana bir istiqamətdən qaz verilirdisə, hazırda təchizat üç istiqamət üzrə aparılır. Lakin ötən il xaricdən alınan bahalı sayğaclar kənd sakinləri tərəfindən sındırılıb. Bu səbəbdən biz bu ilin yay ayından etibarən təbii qazın təchizatını dayandırdıq.
"Azəriqaz"ın əməkdaşları Nardaran qəsəbəsinin sakinləri tərəfindən dəfələrlə təzyiqə məruz qalıb, döyülüb. Dünəndən etibarən sayğac sisteminin vəziyyətinə baxış başlanılıb. Məhz bundan sonra sayğacın neçə sındırıldığı müəyyən ediləcək. Dünəndən etibarən "Azəriqaz"ın əməkdaşları qəsəbəyə gəlib və sakinlərlə müvafiq müqavilələr imzalayırlar. Müqavilənin şərtləri ilə razılaşan sakinlər qazla təmin olunur. Əgər qəsəbə sakinləri bizim əməkdaşlarımızı təhqir etməyəcəksə, döyməyəcəksə, biz onları təbii qazla təmin edəcəyik.
Onlarda Azərbaycan Respublikasının vətəndaşlarıdır. Amma biz işçilərimizi də riskə ata bilmərik".
Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb, iki polis həlak olub.
Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov Kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci, 214-cü, 220-ci, 228-ci, 233-cü, 278-ci, 279-cu, 281-ci, 283-cü, 315-ci və digər maddələri ilə cinayət işi başlanılıb.
Cinayətkar dəstənin başçısı Taleh Bağırov başda olmaqla, 24 üzvü barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xüsusi əməliyyat başa çatdıqdan sonra ayrı-ayrı destruktiv elementlər Nardaran qəsəbəsində icazəsiz toplantı keçirməyə, sakinləri konstitusion quruluşa qarşı çıxmağa, hakimiyyət nümayəndələrinə zor tətbiq olunmasına, kütləvi itaətsizliyə çağırışlar etmiş, yolları bağlamış, barrikadalar qurmuş, silah qismində əşyalar toplamış, lakin həyata keçirilən tədbirlərlə bu cür qanunazidd hərəkətlərin qarşısı alınıb.
Nardaran hadisələrindən sonra qəsəbədə elektrik enerjisi verilişində problem yaranıb. Əhalinin borcuna görə, qəsəbəyə elektrik enerjisinin verilişi dayanıb, ötən gündən isə xətlərin bərpasına başlanılmışdı.