Keçmiş müdiri "Xan Bağı”, "Şuşa”, "Çanaqqala” və "Xan qızı” restoranlarının sahibi Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir...
Azərbaycanda
uzun illər davam edən özəlləşdirmə prosesi zamanı çoxlu sayda
qanunsuzluqlar, özbaşınalıqlar baş verib. Rüşvət və korrupsiyanın,
ədalətsizliyin ön plana çıxması ilə yadda qalan bu prosesdə, dövlət
əmlakı sözün əsl mənasında talan olunub, əksər hallarda özəlləşməyə
çıxarılan əmlak onu əldə etmək hüququ olan şəxslərə deyil, tamamilə
kənar adamlara satılıb. Bu zaman nəinki vətəndaşların qanunla qorunan
hüquqlarına, hətta ən elementar əxlaq normalarına belə riayyət
olunmayıb. Özəlləşdirmə zamanı insanların haqlarının açıq şəkildə
tapdandığına, səhm almaq hüququ olanların zorbalıqla prosesdən kənarda
saxlandığına dair istənilən qədər fakt göstərmək olar.
Bu cür
qanunsuzluqlar, cinayətlər hesabına hazırda milyoncu olan, oliqarx kimi
təqdim edilən kifayət qədər keçmişi dələduz olan "iş adamı” mövcuddur.
Adi bir oğru kimi min cür fırıldaqla başqalarının və dövlətin əmlakını
ələ keçirən bu dələduzlar hazırda əyinlərinə bahalı kostym geyib,
boyunlarına qalstuk taxaraq, milyonluq obyektlərə sahiblik edir,
villalarda yaşayır, özlərini elitanın təmsilçiləri kimi təqdim edirlər. Beynəlxalq
Bankda "kredit talançılığı” ilə bağlı başlanan cinayət işi belə "elitar
sahibkarların” bir hissəsini ifşa etsə də, onların sayı daha coxdur.
Əlbəttə,
iş adamlarımız arasında öz halal zəhməti ilə, uzun illər cəkdiyi
əziyyətlər hesabına iri sahibkara çevrilənlər də var. Ancaq nə yazıq ki,
belələrinin sayı çox azdır.
Bu
gündən başlayaraq təqdim edəcəyimiz silsilə araşdırmada da indi böyük
iş adamları, Bakının "Restoranlar kralı” kimi tanınan iki qardaşın iri
kapital, milyonluq obyektlər sahibinə necə çevrilməsindən ətraflı bəhs
edəcəyik. Onların hansı qrup iş adamlarına daxil olması qərarını isə
oxucuların ixtiyarına buraxacağıq.
Söhbət
Bakının məşhur "Xan Bağı”, "Şuşa”, "Çanaqqala” və "Xan qızı”
restoranlarının, çoxlu sayda başqa obyekt və villaların sahibi olan,
"Restoranlar kralı” kimi tanınan Tahir və Elxan Qasımov qadaşlarından
gedir. Əvvəlcədən
qeyd edək ki, rəsmi sənədlərdə qardaşlardan birinin – Tahirin soyadı
Əbdülqasımov kimi gedir. Onlardan hansının və niyə soyadını dəyişdiyini
bilməsək də, 2 qardaşın "Restoranlar kralı”na çevrilmələrinin maraqlı
tarixçəsi haqda detallı məlumatlar əldə etmişik.
Bələdçimiz
Tahir və Elxan Qasımov (Əbdülqasımov) qardaşlarını hələ 80-ci illərin
sonlarından tanıyan, onlarla ailəvi dostluq etmiş, lakin bu "dostluğun”
acısını indiyədək çəkən Tağıyeva Təranə Əsgər qızıdır. Qardaşlar
tərəfindən aldadılan bu xanım saytımıza şikayətində elə mətləblərdən
danışıb, faktlar açıqlayıb ki, insan inanmaqda çətinlik çəkir…
Tağıyeva Təranə Əsgər
qızı vaxtilə Bakı şəhəri, Nizami rayonu, Qarayev 61 ünvanında yerləşən
("Neftçilər” metrostansiyasının üstü) keçmiş 47 saylı "Gəncə Şərq”
Şirniyyatı mağazasının direktoru olub. Hələ SSRİ vaxtı – 1986-cı
ildə bu vəzifəyə təyin olunan T.Tağıyeva, mağaza özəlləşdirilənə qədər –
1997-ci ilə qədər adıçəkilən mağazaya rəhbərlik edib. Həmin illərdə
sonradan müəmmalı şəkildə milyonçuya çevrilən qardaşlardan biri – Elxan Qasımov əvvəlcə bu mağazada satıcı, sonra isə əmtəəşünas işləyib.
Təranə
Tağıyevanın sözlərinə görə, xaraktercə mehriban adam olduğundan, bütün
işçiləri ilə səmimi münasibət qurub. Heç vaxt müdir kimi özünü
işçilərindən yuxarıda tutmayıb, onlara hər bir qayğını göstərib.
Bir-birilərinin xeyrində-şərində doğma adam kimi yaxından iştirak
ediblər. O cümlədən mağazada satıcı işləyən Elxanla da ailəvi yaxın
münasibətləri olub, onu öz qardaşı bilib. Tahir də həmin vaxtlar tez-tez
mağazaya gələrək, qardaşına kömək etdiyindən onu da öz işçilərindən
ayırmayıb…
Təranə
Tağıyeva deyir ki, Elxan mağazada çalışan yeganə kişi olduğundan mal
alımağa, satışdan əldə olunan pulu müvafiq qurumlara təhvil verməyə və
sair işlərə bir çox hallarda onunla birlikdə gedib. Mağaza ilə bağlı
harasa sənəd göndərmək və yaxud hardansa sənəd götürmək lazım olanda da
əsasən Elxanı göndərib. Elə bu səbəbdən də bir müddət sonra Elxanı əmtəəşünas vəzifəsinə keçirib.
Azərbaycan
müstəqillik əldə etdikdən sonra – 90-cı illərin əvvəllərində məlum
səbəblərdən ölkədə, o cümlədən Bakıda yaranmış sosial-iqtisadi böhran
ticarətə də mənfi təsir edib. Buna baxmayaraq, Təranə Tağıyeva mağazanı
qoruyub saxlaya bilir. Hətta mal aldıqları fabrik istehsalı
dayandırdığından, bəzi növ şirniyyat məhsullarının istehsalını belə
mağazada təşkil edib.
Ölkədə kiçik müəssisələrin özəlləşdirilməsinə
başlandıqdan sonra keçmiş 47 saylı "Gəncə Şərq” Şirniyyat mağazası
özəlləşdirməyə açılır. Həmin vaxt mağazanın direktoru olan Təranə
Tağıyeva da, təbii olaraq özəlləşdirmə prosesinə qoşulur.
Haşiyə: Kiçik
müəssisələrin (obyektlərin) özəlləşdirilməsi ilə bağlı qaydalara
əsasən, nizamnamə kapitalının (obyektin start qiymətinin) 15%-i əmək
kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa
yönəldilir. 85%-i ilk növbədə əmək kollektivi üzvlərinə və obyektin
icarədarına təklif olunur, onların imtina etdiyi pay digər şəxslərə
satılır.
Kiçik
müəssisənin hərraca çıxarılan hissəsi də əmək kollektivi tərəfindən
alındıqda, yəni obyekt 100% müdir və işcilər tərəfindən
özəlləşdirildikdə hərrac qiymətinin 30% müvafiq qaydada alqı-satqı
müqaviləsi bağlandıqdan sonra ən geci 5 gün ərzində VƏKIL OLUNMUŞ ŞƏXS
tərəfindən pulla ödənilirdi.
Qeyd
edək ki, qanunvericiliyə əsasən, kiçik müəssisələrin özəlləşdirilməsi
zamanı müəssisənin əmək kollektivi onların hüquqlarını həyata keçirən
VƏKİL EDİLMİŞ ŞƏXS (hüquqi və ya fiziki şəxs) müəyyən edirdi. Bu şəxs
əmək kollektivini özəlləşdirməni həyata keçirən orqanlarda təmsil edir,
özəlləşdirmə prosesində zəruri işləri görür (müəssisənin
özəlləşdirilməsi barəsində ərizəni rəsmiləşdirir, özəlləşdirmə
prosesində iştirak edir, zəruri müqavilələr bağlayır və öhdəliklər
imzalayır və sair), sənədləşməni aparırdı.
Özəlləşdirmədə
vəkil edilmiş şəxsin səlahiyyətli olması üçün əmək kollektivi
üzvlərinin və özəlləşdirmədə güzəşt hüququ olan digər şəxslərin 50%-dən
çoxunun öz səlahiyyətlərini qanuni surətdə ona verməsi və etibarnamənin
müvafiq formada notarial qaydada rəsmiləşdirilməsi tələb olunurdu.
47 saylı "Gəncə Şərq” Şirniyyatı mağazası o qədər böyük olmadığından və satıcı qadınlar prosesdə iştiraka maraq göstərmədiyindən, mağazanı Təranə Tağıyeva və Elxan Qasımov şərikli özəlləşdirmək qərarına gəlirlər. T.Tağıyeva mağazanın özəlləşdirilməsində iştirak etmək niyyəti ilə əlaqədar olaraq bütün sənədləşmə işlərini aparmağa başlayır.
Tağıyeva
qadın olduğundan, qanunvericiliyə uyğun olaraq özəlləşdirmədə 47 saylı
"Gəncə Şərq” Şirniyyatı mağazasının kollektivini təmsil etmək üçün vəkil edilmiş şəxs kimi öz doğma qardaşı kimi inandığı Elxan Qasımovu seçir. Bununla
bağlı müvafiq sənədləşmə işləri Nizami rayonu 15 saylı Notariat
Kontorunda aparılır. Həmin vaxt 15 saylı Notariat Kontorunun rəhbəri
vəzifəsində Eldar Qurbanov işləyir. Hansi ki, bu şəxslə də bağlı cox
ciddi ittihamlar var. Bu haqda bir qədər sonra…
Beləliklə, özəlləşdirmə prosesinə start verilir. Lakin
ilkin sənədləşmə işləri başa çatan ərəfədə – 1996-cı ildə T.
Tağıyevanın ailəsində bədbəxt hadisə baş verir. Həyat yoldaşı gənc
yaşında qəfildən ürək tutmasından dünyasını dəyişir. T.Tağıyevanın
başı təbii olaraq ailəsindəki yas mərasiminə qarışır. Yas mərasimi başa
çatmamış, atasının ölümündən dərin psixoloji sarsıntı keçirən azyaşlı
övladı ağır şəkildə xəstələnir. T.
Tağıyeva vaxtının müyyən hissəsini övladının müalicəsinə sərf etməyə
məcbur olduğundan, özəlləşdirmə ilə bağlı işləri Elxan Qasımova
tapşırır.
Bundan
əlavə ailəsindəki yas və övladının xəstəliyi ilə əlaqədar bir müddət
mağazanın işlərində iştirak edə bilmədiyindən, mal almaq, hesablaşmalar
aparmaq və sair işləri Elxan Qasımova həvalə edir. Hətta möhürü belə ona
etibar edir.
Sən demə Elxan Qasımov da elə bu fürsəti
gözləyirmiş. T. Tağıyevanın sözlərinə görə, müvəqqəti də olsa
səlahiyyətləri ələ keçirən Elxan Qasımov, mağazanı ələ keçirmək üçün açıq cinayətə baş vurur. T.Tağıyeva Elxanın bunu qardaşı Tahirin məsləhəti və ya təhriki ilə etdiyi qənaətindədir: "Neçə
il Elxanla bir yerdə işləmişəm. Onun maldan, puldan ötrü belə bir
visdansızlıq edə biləcəyini heç vaxt düşünməmişəm. Özü də belə insan
deyildi. Düşünürəm ki, qardaşı Tahir onu buna vadar edib. Ya da mən onu
doğru-düzgün tanımamışam…”
Elxan Qasımov mağazanı ələ keçirmək üçün birinci növbədə T. Tağıyevanı və digər çalışanları işdən kənarlaşdırmaq lazım olduğunu bildiyindən, bu istiqamətdə "fəaliyyətə” başlayır. Və ilk işi T.Tağıyevanı gizlicə və saxta sənədlərlə vəzifəsindən azad etmək olur…
- Təranə Tağıyevanı saxta yolla, sənəd üzərində işdən azad etmək üçün kimlər, hansı cinayətə gedib? Bu cinayətdə hansı Notarial Kontorun müdirinin də iştirak etdiyi iddia olunur?
- "Restoranlar kralı”na çevrilən qardaşlar "Şuşa” və digər restoranları necə əldə ediblər?
- Elxan və Tahir Qasımov qardaşları hansı nazirin adından istifadə edərək, böyük əmlaklara sahib olublar? Onların özlərinin himayəçisi kimi göstərdiyi Nüsrət adlı şəxs kimdir?
- "Hunday” markalı maşınla adam öldürüb, azadlıqda gəzən kimin oğludur?
- Elxan Qasımovun mağazanı saxta yolla ələ keçirməsilə bağlı başlayan cinayət işində hansı faktlar aşkarlanıb? Cinayət işini yekunlaşdırmaq niyə mümkün olmur?
- Nizami rayon prokuroru Mahir Muradov Təranə Tağıyevaya nə təklif edib?
- Təranə Tağıyevanı "bir oğlun var, onu düşün” deyə hədələyən kim olub?
- Birinci xanım Mehriban Əliyevaya şikayətdən sonra Daxili İşlər naziri Ramil Usubovla görüşən Təranə Tağıyevaya nə vəd olunub? Qardaşların adından nazirə hansı məlumat verilib?
Bu və digər suallara cavablar növbəti yazıda…
"AzPolitika.info”