DTX-nın həbs etdiyi məmur hələ də vəzifədədir

DTX-nın həbs etdiyi məmur hələ də vəzifədədir

Azərbaycan Memarlar İttifaqı həbs olunan Fərhad Mollazadənin hələ də İttifaqdakı vəzifələrində qalmasına münasibət bildirib.

Miq.Az xəbər verir ki, ittifaqın İdarə Heyətinin sədri Elbay Qasımzadə Report-a açıqlamasında F.Mollazadə həmin qurumdakı vəzifələrində qaldığını bildirib:

"Hazırda istintaq gedir, məhkəmə bununla bağlı qərar çıxararsa, biz də plenumun müzakirəsinə çıxararıq, plenum iştirakçıları hansı qərara gələrsə, onu açıqlayarıq. Fərhad Mollazadə hələ də Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi vəzifəsində qalır. Çünki istintaq hələ yekunlaşmayıb. Bəlkə, istintaqın nəticəsində deyəcəklər ki, bu adamın heç bir günahı yoxdur”.

F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi, 2017-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin 1-ci katibidir.

O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının üzvü vəzifəsində də qalır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatla XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə həbs olunub. F.Mollazadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda ittiham olunur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az