"Faciə günahkarları tapılmalıdır, razıyam, amma özümüzü ləkələmədən!" - Qurban Məmmədovun poçtuna!


 Aydın Canıyev

BİZƏ ZƏFƏR YARAŞIR!

Bəlkə də dünya ölkələri içərisində gündəmi bu qədər həssaslıq və diqqət, sayıqlıq və müdriklik tələb edən ikinci bir ölkə yoxdur!

İllərin, əsrlərin gətirdiyi faciələr çözülməmiş, günahkarlar cəzalandırılmamış, qələbə qazananlar layiqli qiymətini almamış... xalqın və dövlətin əsəblərini tarıma çəkən, özümüzü öz əlimizlə-dilimizlə aşağılayan, heçə-puça çıxaran o qədər "saxlanc” və "arxiv” faciələri diqqət mərkəzinə gəlir, gətirilir ki, əclafımıza "mərd”, mərdimizə "vətən xaini” deməli oluruq və hələ üstəlik də yaşamağa davam edirik!
Son 62 günün olaylarından biri və birincisi isə "Tərtər işi”dir!

"Ordu qətliamı” dərəcəsində qiymətləndirdiyimiz "Tərtər işi”nin ilk araşdırıcısı Oktay Gülalıyev "təsadüfi avtomobil qəzası” nəticəsində komadadır! İndi-indi özünə gəlir! Sağalması üçün iki dövlət səviyyəsində loğmanlıq yapılır!

İlk yazan, yayan Ərəstun Oruclu artıq emiqrantdır!

4 il bir işgəncə qurbanının anası, 4 il bir-iki siyasətçinin və son 62 gündə Qurban Məmmədovun pik həddində ictimai müzakirədə saxlaması artıq bəlli hədəfi məlum etməyə doğru görsənişində olsa da, həqiqətlər öz izində və üzündə təqdimatla yanaşı, həftəbecər-ləvəngi-turşulu aş mahiyyəti alır: faciənin dadı daha da "ləzzət”ə gətirilir, istiotu-barıtı daha da çoxaldılır, cinayətkarlar xalqın gözündə, xalq isə... düşmənlərin gözündə daha pis, daha qəddarcasına gözdən salınır!

Həqiqət nə qədər acı olsa da, onu qəbul etməyi bacarmaq lazımdır və mən öz payıma ona görə bu yazıyla münasibət bildirirəm:

Günahsız qurbanların sayından, mövcud işgəncə və zor faktlarının dərəcəsindən, miqyasından asılı olmayaraq, vətəndaş və jurnalist kimi, bu qətliamı dövlətdən və xalqdan öncə, özümə baş qaxıncı kimi qəbul edirəm, hər birini özüm, hər birinin ailəsini öz ailəm bilirəm! Hər birinin özünün və ailəsinin göz yaşlarından birini, fəryadından bir parçasını öz göz yaşım, öz fəryadım hesab edirəm! Və... "onların hər biriyləyəm, hər birinin yanındayam” demirəm, "hər biriyəm” deyirəm!

Müzakirələri, çabaları İzlədikcə, təəssüf etdikcə, yaşanan yanğı və sarsıntı iliyimə-sümüyümə işlədiyincə... HƏQİQİ CİNAYƏTKARLARIN tapılması və cəzalandırılması üçün mübarizə aparan hər bir kəsin yanındayam: dinləməyə, yazmağa, dərdini çatdırmağa – mənim yazmaqdan başqa yardım və xidmətim mümkün deyil! Bacardığım budur! Ancaq... bu günə qədər yazdığım və yaşadığım kimi: vicdanla və ədalətlə! Mənim üçün bu prosesdə birinci şərt: publisistik manevr və ara sözlər, modal cümlələr işlətməyərək, təşbeh və epitetlər, fərdi şəkildə opponent kimi zərərdidə olmağımız müzakirə sualının və mövzusunun bijuteriya aksessuarlarına çevrilməyərək, sualların konkret olması və cavabların konkret verilməsidir!

Və bu günə qədər də mən yazar olaraq, heç harda heç vaxt cinayətkarlığı rəsmən təsdiqlənmiş heç birinin yanında durduğumu nə yazılarımda, nə çıxışlarımda bəyan etmişəm! Təəssüf ki, bitmiş bir fikri ifadə edən cümləmdən yarımçıq cümlə ittihama çevrilir, verdiyim sualdan diqqət yayındırılır, özü də həqiqəti ifadə edən fikrin üstündə! Niyəsini üzə çıxarmaq üçün Qurban Məmmədova ünvanladığım yazıdan, Qurban Məmmədovun və İsa Sadıqovun da qoşulduğu efir çıxışımdan sonra start verilmiş "linç kampaniyası”nın təşkilatçılarına və üzvlərinə bir daha konkret suallarımı ünvanlayıram! Və... aydınlaşdırın: "informasiya mənbəyi” axtarışına çıxıbsınız, maraqlıdır - mənim sualımın harasından və sualın özü hardan bəyan edir ki, "mənbə sualı”dır?

Əgər mən suallarımı sizin, məhz sizin çıxışlarınıza istinadən vermişəmsə?

Digər tərəfdən... işgəncə faktlarının mövcudluğunun təqsirsizlik prezumpsiyasına əməl edilməyindən baş verdiyini dediyiniz halda, qanunsuzluqdan danışdığınız halda, niyə özünüz təqsirsizlik prezumpsiyasını gözləmədən, paylaşdığınız vidomateriallarda "tretiyskiy sud” kimi başlıqlarda adı hallananları cinayətkar kimi təqdim edirsiniz? – yüz minə yaxın insan da artıq qənaətini formalaşdırır! Halbuki... eramızdan əvvəl Afinada küçə tamaşalarında iştirak edən aktyorlar və aktrisaların kimi məşuqəsi, kimin oynaşını olduğunu, Roma hüququnu bildiyinizi bəyan edirsiniz! Onda niyə BİRBAŞA ittiham səsləndirirsiniz, bir halda ki, "əgər şübhələnilirsə belə, cinayət işi açmaq olmaz” dediyiniz halda? Təqsirsizlik prezumpsiyasını ayaq altına atmağa yetərlidirmi sizin araşdırmanız, daha doğrusu, araşdırma aparmaqdan daha çox hazır şəkildə sizə informasiya və fakt kimi ötürülmüş faktlar və həm də "komplo”lar? Ixtisasca peşəkar vəkil Qurban Məmmədov, niyə və hansı ağılla kiminsə kimisə müdafiəsini yolverilməz sayırsınız? Onda gəlin,  qatillərə vəkil vemrəyək də! Hətta qatilə... dövlət vəkil təyin edir! Bütün dünyada!!!

Əzizim Qurban bəy, bütün müzakirələrinizi dinləyən, sizi hər zaman dəstəkləyən, sizi heç bir halda aşağılamayan, şəxsinizə-şəxsiyyətinizə, moderatorluğunuza, mübarizənizə və siyasətçi obrazınıza heç bir halda irad bildirməyən biri olduğum halda, özünüzə torladığınız tərəfdarlarınıza niyə və hansı çıxışıma görə təəssüflə bəyan edirsiniz ki, Aydın Can cinayətkarın yanındadır, dəstəkləyir? Nə vaxtdan, bir daha vurğulayıram, fərqli fikir, mövqe bildirmək cinayətkarın yanında olmaq sayılır? Demokratiyadırsa, hər zaman da demokratik dəyərlər üstündə yazdığım FƏRQLİ FİKİR VƏ YAZILARA görə dəyər verdiyin biriyəmsə, onda sualımı niyə "mənbə sualı”, "tərəf nümayişi” və "cinayətkarın yanında olma” sayırsınız – özünüz və tərəfdarlarınız?

Sizə, konkret isə İsa Sadıqova ünvanlanan suallarıma görə tutduğunuz mövqe məni məcbur etdi ki, 500 işarəlik sualıma 5 min işarəlik GİRiş verim!

Sizin və tərəfdarlarınızın, həm də eyni zamanda, "Tərtər işi” qurbanlarının hər birinin və ailə üzvünün nəzərinə çatdırıram: mən HEÇ BİR İRADA YER QALMADAN, HAMILIQLA CİNAYƏTKARLIĞI QƏBUL EDİLƏN, RƏSMƏN- HÜQUQİ QÜVVƏSİYLƏ TƏSDİQLƏNƏN "Tərtər işi” faciəsi yaşadanların hər birinin əleyhinə yazmağa, qurbanların hər birinin dərdini qələmə almağa hazıram – HƏR ZAMAN OLDUĞU KİMİ... QONORARSIZ!

Və... suallarımı təkrarlayıram, cavab istəyirəm:


Qurban bəy, sizə maraqlıdır ki, kim hardan GİRİR sizin debatınıza "Tərtər işi” ilə bağlı apardığınız araşdırma prosesinə!
Mən burdan GİRmişəm - bu videodan sonra: İsa Sadıqovun 17-ci dəqiqədən sonra dediyi fikrə cavab istəmişəm!
SUALLARIMI TƏKRARLAYIRAM: İsa Sadıqov, komandir korpuslar aprel döyüşlərində hansı xəyanətləri ediblər, konkret, Mais Bərxudarov Lələtəpə döyüşlərində hansı xəyanəti edib?
"Zabit şərəfimə and olsun, Quran haqqı” deyib, korpus komandirlərini casus-agent olmaqda NƏYƏ VƏ HANSI FAKTA əsasən, vətənə xəyanətdə suçlayırsınız?
Məgər, vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə etmə (bunu –da; -də-nin haçan ədat, haçan şəkilçi olduğunu, adını düz yaza bilməyən, familiyasını yarımçıq yazan, işinin-vəzisfəsinin səlahiyyətlərinin fərqinə varmayan kontingentə  hələ məhkəmə qərarı olmadan deyirsiniz, ehtimalla, amma o ittihamlar təsdiqlənsə belə, yenə də mən haqlıyam suallarımda!)... "vətənə xəyanət” sayılır?

Suallarıma cavabınızı verin: konkret! Qısa və net!

Üstəlik də mənim sualıma əsaslı, dolğun, təkzibedilməz cavab verəcəyiniz halda, hardan bilirsiniz ki, mən sizdən daha sərt və kəskin ittiham etməyəcəyəm? Sizə bu sualları vermisəmsə, bu o deməkdirmi ki, mənim bir çox hallarda siyasi baxışlarını təqdir etdiyim, fikirlərim üst-üstə düşən İqbal Ağazadənin, vətən və dövlət qarşısında xidmətlərini xalqın, dövlətin qiymətləndirdiyi, mənim də rəğbətimi ifadə etdiyim general-mayor Mais Bərxudarovun qarşısında öhdəliyim var, ya da onların "kəbinli... jurnalisti”yəm? Kim sizə bu haqqı verib mənim bu imicimi formalaşdırmağa, məni "Tərtər işi” qurbanlarının özləri və ailə üzvlərinə, yüzminlərlə tamaşaçıya "təəssüf ki, Aydın Can cinayətkarın yanındadır” deməyə? Mən Xanlar Vəliyevi və ya Hikmət Həsənovu harda müdafiə etmişəm? Hərbi prokurorluğun əməkdaşlarının xidməti deyilmi... mətbuatda əksini tapan cinayət işləri? – mən harda və haçan bütünlükdə hərbi prokurorluğu yüksək qiymətləndirmişəm? 

Dünən Ümid Partyiyasının sədri İqbal Ağazadə ilə debatınıza baxdım!

Və qərara gəldim: konkret suallarıma konkret cavab almayınca, sizinlə heç bir debata çıxmayım, heç bir səmimi söhbətə qoşulmayım... sizə olan rəğbətimə, inamıma, hörmətimə və dəyərimə baxmayaraq!
Çünki İqbal Ağazadə daha çox doktor kimi apardı özünü – partiya sədri, prezidentliyə namizəd biri olaraq, çox çalışdı ki, bəzi hallarda sizi "Vladimir İliç Ulyanov”, bəzi hallarda "Feliks Edmundpviç Djerzinski” imicinin qurbanlığından xilas etsin!

Yarıyacan bacardı!

Amma siz də, dostlar da, oxucularım da gözəl bilir ki, mən "doktor”dan daha çox "mətbu killer”əm!

İqbal Ağazadə kimi özümü siyasətçiyə uyğun aparmıram, aparmaram, onunla etdiyiniz davranışa mən səbatla yanaşa bilmərəm, çılğınlığımdan Sizə, tamaşaçıya, eləcə də... özümə hörmətsizlik etmiş olub... ən azından, "yalançının anasını...” deyəcəm efirdən!

Sizə, tamaşaçıya, Azərbaycan xalqına, "Tərtər işi” qurbanlarına sayğımı ifadə edərək, həm də sizin "çalışıb vəziyyətdən çıxmaq lazımdır” qardaş məsləhətinə-mesajına əməl edərək... yazyla müraciət etdim!
Səsləndirməyinizi, suyallarıma cavab verməyinizi (məsləhət bilirsinizsə, sizə icazə verirlərsə) umuram!
Və təklif edirəm: linkini atdığım videoya da baxın! Mənbə... sizin nümayəndədir! 12-ci dəqiqəqən 19-cu dəqiqəyəcən bir də baxın və dediyinizə özünüz qiymət verin!!!       

Bu yazıyla Sizə də, proseslə maraqlanan hər bir kəsə də sübut edirəm: mən heç kimin sifarişini yerinə yetirmirəm, mənbəyi çıxışınız olan iki sualıma cavab istəyirəm və bundan artıq heç nəyə də münasibət bildirməyəcəm!
Nə Siz təəssüflənin, nə də mən... "qışqırığımla, əsəbimlə” yeddi dərənin suyunu bir arxa gətirim! 
 
Hörmətlə və səmimi verilişlərdə görüşəcəyimiz ümidiylə,
möhtərəm və möhtəşəm Aydın Can!


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az