ANS telekanalının məşhur siması Elgiz Əkbərə qarşı haker hücumu olub. Belə ki, teleaparıcının "Instagram” sosial şəbəkəsində olan hesabı sındırılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə telejurnalist publika.az-a açıqlamasında
deyib. Ancaq bunu kimin və nə məqsədlə etdiyini bilmədiyini vurğulayan
Elgiz Əkbər məsələni hüquq-mühafizə orqanlarının araşdıracağını
söyləyib:
"Təəssüf edirəm ki, "Instagram”dakı hesabımı sındırıblar. Həmin
sosial şəbəkə vasitəsilə tamaşaçılarımla birbaşa ünsiyyətdə olurdum.
Şərhlərdən tamaşaçıların efirdə baş verənlərə münasibətini öyrənə
bilirdim. Bu baxımdan sosial şəbəkənin müsbət cəhəti çox idi”.
Haker hücumunu kimin təşkil etməsinə gəlincə, Elgiz Əkbərin bəzi
şübhələri olsa da, konkret kimin belə bir addım ata biləcəyi ağlına
gəlmir:
"2 ay idi ki, həmin sosial şəbəkədə qeydiyyatdan keçmişdim. Bu qısa
vaxt ərzində 30 mindən çox izləyicim var idi. Elə izləyicilər var idi
ki, mənim şəkillərimin altında müxtəlif telekanallarda çalışan
həmkarlarımı təhqir edirdilər. Onlara bir neçə dəfə irad tutdum ki,
mənim şəkillərimin altında heç bir həmkarımı təhqir etməyin. Kimə
sözünüz varsa, özünə yazın. Hadisə də bundan sonra baş verdi. İndi
bilmirəm profilimi sındıran həmin insanlardır, ya yox. Bəlkə də kimsə
sifarişlə edib. Bilmirəm. Çünki 2 aya 30 min izləyici toplamaq az iş
deyil”.
Telejurnalist məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək niyyətində qalıç.
"Hüquq mühafizə orqanlarına müraciət etmək istəyirəm. Səbəb isə sadədir. Bilmək istəyirəm ki, bunu kim və nə məqsədlə edib”.
Buna baxmayaraq, Elgiz Əkbər "Instagram”a geri qayıtmayacaq.
"Geri dönüb heç kəsi narahat etmək istəmirəm. Demək ki, mənim mövcudluğum, sosial şəbəkədə olmağım kimlərisə narahat edir. Heç kəs narahat olmasın. Geri dönməyəcəyəm. Qoy rahat yaşasınlar”.