Dünən xalq artisti Aygün Kazımovanın "Ayrılarmı könül candan" adlı solo konserti baş tutub. Vətəninfo.az-ın Axşam.az-a istinadən
məlumatına görə, "Mambo” istirahət mərkəzində keçirilən gecədə ifaçı
repertuarında son illər hit olan mahnıları səsləndirib. "Coffe from
Columbia” ilə açılış edən Aygün ardıyca "Şou nömrə 1”, "Gəl bax gör”,
"Mən sənsiz” və başqa sevilən mahnılarını oxuyub.
Müğənninin
keçmiş mahnılarından "Bir söz yetər”, "Badə nə badə”, "Kişilər”in
oxunması isə tamaşaçılar üçün sürpriz olub. Tamaşaçıların qarşısına
transparan geyimdə və şortikdə çıxan xalq artisti tünd saçlarını açıq
rəngə boyayaraq daha uzun və düz edib. A.Kazımova konsert boyu səhnədə
yerli və əcnəbi rəqqaslarla şou göstərib. Onun rəqsləri izləyciləri də
yerindən qalxaraq rəqs etməyə məcbur edib.
Yayın son hitlərindən
olan "Bir parça keks”in səsləndirilməsindən əvvəl isə tamaşaçılara
uduşlu kekslər paylanılıb. Konsertin Avropa Oyunlarında qalib olmuş
idmançılarımıza həsr olunmasını qeyd edən Aygün yarışların ölkə üçün
əhəmiyyətindən də danışıb.
Fanatları da A.Kazımova üçün sürpriz
hazırlayıblar. Onlar formal da olsa, sevilən müğənniyə "Əsrin sənətkarı”
diplomunu təqdim ediblər. Gecə xalq artistinin ifasında "Azərbaycan”
mahnısının yeni aranjimanının səsləndirilməsi və atəşfəşanlıqla bitib.
Aygün Kazımovanı dinləyənlər arasında yerli şou-biznesin nümayəndələri
də olub.
Qeyd edək ki, konsertin informasiya dəstəyi Axşam.az saytı olub. Gecənin təşkilatçısı Nahid Emiloğludur.