Jurnalist Günel Mövludun iki qardaşı saxlanıldı
Oktyabrın 13-də Meydan TV-nin redaktoru, yazar Günel Mövludun
qardaşları- Raci və Vəkil İmanovlar polis tərəfindən saxlanılıb.
Bu
haqda Meydan Tv-yə yazarın atası Vəzir İmanov məlumat verib: "Axşam
saatlarında oğlum iş yoldaşlarıyla eyni maşında işdən evə gəlirmiş. İş
yoldaşlarının mənə dediyinə görə, maşında 4 nəfər olublar. İş
yerlərindən bir az uzaqlaşandan sonra polis oğlumun olduğu maşını
saxlayıb və İmanov Vəkilin kim olduğunu soruşub. Oğlum özünü təqdim
edəndən sonra onu Biləsuvar Rayon Polis Şöbəsinə aparıblar. Mən məlumatı
alan kimi, şöbəyə getdim. Amma oğlumla görüşə bilmədim. Dedilər ki,
yalnız sabah gəlib, onu görə bilərəm. Nəyə görə saxlanıldığını da
demədilər".
Vəzir İmanovun söylədiyinə
görə, digər oğlu Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıb: "Oğlum
Raci İmanovun saxlanıldığını da ailəsindən öyrəndim. Onu Sumqayıtda
saxlayıblar. Onun da nəyə görə saxlanıldığını bilmirik".
V. İmanov deyir ki, oğlanlarının heç birinin saxlanılması ilə bağlı ona polis bölməsindən xəbərdarlıq edilməyib.
Sumqayıt
şəhərində yaşayan Raci İmanovun həyat yoldaşı Gülsu İmanova isə
hadisəni belə şərh edib: "Əvvəl Sumqayıtdakı 3-cü Polis Bölməsindən zəng
vurdular. Racinin şəxsiyyət vəsiqəsini istədilər. Atam vəsiqəni apardı.
Dedilər ki, onu artıq Sumqayıt Şəhər Polis Şöbəsinə aparıblar. Atamgil
ora gediblər. Amma oradan deyiblər ki, vəsiqəsini sabah gətirsinlər.
Nə saxlanılmasının səbəbini deyiblər, nə görüşə icazə veriblər. Deyiblər
ki, sabah gəlib, görərsiz".
İş saatı olmadığından sözügedən Polis Şöbələri ilə əlaqə saxlamaq mümkün olmayıb.
Günel
Mövlud həyat yoldaşı ilə birlikdə xaricdə yaşayır. O, bir müddət əvvəl
sosial şəbəkələrdə fəaliyyətinə görə ailəsinə təzyiqlər edildiyini və
qohumlarından imtina etdiyini yazmışdı. Yazar qardaşlarının
saxlanılmasını özünün fəaliyyəti ilə əlaqələndirir: "Onlar siyasətdən
uzaq, sadə insanlardır. Elə bir həyat tərzləri yoxdur ki, həbsə səbəb
olsun".
Modern.az