ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ ANONSLARI - Nüvə müharibəsi ehtimalı artır
Rusiya ilə Ukrayna arasında iki ilə yaxındır davam edən nəticəsiz müharibə, eləcə də Yaxın Şərqdə HƏMAS-la İsrail arasındakı hərbi əməliyyatlar dünya düzənini dəyişib. Fövqəldövlətlər arasında gərginlik, qütbləşmə dərinləşib. Artıq dünya liderləri, nüfuzlu beyin mərkəzləri hesabatlarında Üçüncü Dünya müharibəsi (buna nüvə müharibəsi də deyirlər) təhlükəsindən açıq danışmağa başlayıblar.
Mövzuyla bağlı "Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Siyasi liderlərdən xəbərdarlıq
Bir neçə xarici dövlətin rəhbərləri ard-arda elan ediblər ki, Üçüncü Dünya müharibəsinin başlamasına az qalıb. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlaya bilər və bu gün hər şey buna doğru gedir. Oxşar nöqteyi-nəzəri KXDR rəhbəri Kim Çen İn də ifadə edib. O bildirib ki, "biz hazırda Üçüncü Dünya müharibəsinin başlanmasına hazır olmalıyıq”.
Hətta Roma Papası Fransisk də deyib ki, dünya nüvə müharibəsinin astanasındadır.
"Dünyamız hissə-hissə aparılan Üçüncü Dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahından istifadə təhlükəsi qalmaqdadır. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir”, - deyə Fransisk vurğulayıb.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, İsrail "Fələstin məsələsini” güc yolu ilə həll etməyə çalışarsa, "bütün əlaqəli region və qeyri-regional oyunçular üçün partlayış təhlükəsi yarana bilər”.
ABŞ-nin Yaxın Şərqdə müharibəyə girə biləcəyi ehtimalları da yeni müharibəni aktuallaşdırıb. Beləliklə, Üçüncü Dünya müharibəsi və yaxud nüvə müharibəsinin baş vermə ehtimalları hansısa bir ekspert və beyin mərkəzləri tərəfindən deyil, konkret liderlər tərəfindən səslənir.