Rusiya və Səudiyyənin hərbi təlimləri nədən xəbər verir? - Yeni regional təhlükə

Rusiya və Səudiyyənin hərbi təlimləri nədən xəbər verir? - Yeni regional təhlükə
Bir neçə həftə öncə dünyanın aparıcı dövlət və hökümət başçılarının apardıqları uzunmüddətli danışıqlardan sonra Suriyada müvəqqəti də olsa atəşkəsin təmin olunması barədə razılıq əldə edildi.

Dünya mətbuatı Suriya münaqişəsində iştirak edən qlobal güclərin maraqlarını geniş şəkildə işıqlandırsa da, münaqişənin digər oyunçularının bu məsələyə olan münasibəti hələ də bəzi suallar doğurmağa davam edir.

Yaxın Şərqin liderlərindən hesab edilən Səudiyyə Ərəbistan Krallığı Suriyada Bəşir Əsəd rejiminin ən barışmaz düşmənlərindən və eləcə də Suriya müxalifətinin əsas maliyyə mənbəyi rolunu hələ oynamaqdadır. Eyni zamanda atəşkəsin imzalanmasına birmənalı münasibətini gizlətməyən rəsmi Ər-Riyad Dəməşqdəki rejimlə heç bir danışığa getmək niyyətində deyil. Artıq bir neçə dəfə rəsmi Ər-Riyad Suriyaya qoşun göndərmək niyyətini açıq-aşkar bəyan etmişdi. Hətta qeyri-rəsmi məlumatlara əsasən, artıq bir neçə Səudi hərbi birləşməsi bu məqsədlə Türkiyəyə göndərilib. Səudiyyə Ərəbistanını narahat edən əsas amil Əsəd qüvvələrinin son aylarda Rusiya aviasiyasının dəstəyi ilə xeyli uğur əldə etməsidir. Sirr deyil ki, atəşkəs müddətinin sona çatmasından sonra Əsəd qoşunları Hələb şəhərinə nəzarəti tamamilə ələ alacaq. Məhz region ölkələrinin barışmaz mövqeyi atəşkəsin uzunmüddətli olmayacağından xəbər verir.

Hərbi təlimlər

Bütün bunlardan əlavə, dünya ictimaiyyətinin nəzərindən qaçan digər məqam isə atəşkəsin imzalanmasından qısa müddət sonra Səudiyyə Ərəbistanın şimal-şərqində 20-yə yaxın müsəlman ölkəsinin iştirakı ilə baş tutan irimiqyaslı hərbi təlimlər oldu. Səudiyyə Ərəbistan rəsmilərinin sözlərinə inansaq bu Yaxın Şərqdə indiyə qədər təşkil edilən ən böyük hərbi təlimlər idi. Səudiyyə Ərəbistanının hərbi büdcəsini 2012-ci ilə nisbətən bu il 8 dəfə artırmasının əsas səbəbi kimi Rusiyanın Şərqdə artan nüfuzu göstərilir. Rusiya da öz növbəsində martın 1-də Xəzər dənizində 100-ə yaxın hərbi gəminin iştirak edəcəyi hərbi təlimlərə başladığını bəyan etdi. Əsas hərbi manevrlərin isə 2 ay ərzində həyata keçiriləcəyi gözlənilir. Bundan əlavə Rusiya yeni istehsal etdiyi uzaq mənzilli raketləri də ictimaiyyətə nümayiş etdirəcək.

Hər iki ölkənin eyni ərəfədə keçirdiyi iri miqyaslı hərbi təlimlər bu ölkələrin Suriya ərazisində toqquşmaq ehtimalını da gün-gündən artırır. Elə təəssürat yaranır ki, hər iki ölkə təhlükənin miqyasından xəbərdar ola-ola bilərəkdən hərbi qüvvələrin sayını və büdcəsini artırmaqda davam edir. Səudiyyə Ərəbistanın təşkil etdiyi "Şimal tufanı” hərbi təlimlərində 20 ölkədən 150 minə yaxın hərbçi daxil olmaqla, 460 zirehli texnika və 2450 hərbi təyyarə iştirak edir. Əgər yerli mətbuatın açıqladığı rəqəmlərə inansaq, bunu Körfəz müharibəsindən bəri regionda baş tutan ən böyük hərbi əməliyyat hesab etmək olar. Krallıq rəsmiləri isə əməliyyatın əsas məqsədinin ordunun döyüş qabiliyyətinin sınaqdan keçirilməsi və çatışmazlıqların aradan qaldırılması olduğunu iddia edir. Lakin bu hərbi manevrləri birbaşa Bəşir Əsəd rejiminə və onun müttəfiqləri olan İran, Hizbullaha əyani hədə qorxu olaraq da qəbul etmək olar.

Türkiyə Ordusu qoşula bilərmi?

Bəzi ekspertlərin sözlərinə inansaq "Şimal tufanı” əməliyyatı əslində İordaniya və ya İraqın ərazisindən Suriyaya təşkil edilən hərbi müdaxilənin ört-basdır edilməsi məqsədi daşıyır. İran sanksiyalardan sonra yenidən beynəlxalq arenaya qayıdışı və onun artan nüfuzu Səudiyyə Ərəbistan başda olmaqla əksər Ərəb ölkələrini narahat edən əsas amildir. Bu amilə əlavə olaraq Rusiya kimi bir ölkənin də İranla eyni tərəfdə Bəşir Əsədə hərbi və maddi dəstək verməsi Ər-Riyadı çıxılmaz vəziyyətə qoyur.

Qonşu Yəməndə Husilərə qarşı aparılan uzun müddətli hərbi əməliyyatların səmərəsizliyi və heç bir nəticənin əldə edilməməsi Səudiyyə krallığının Suriyada nə dərəcədə uğurlu hərbi əməliyyat təşkil edəcəyini ciddi şübhə altına qoyur. 2015-ci ildən bu yana Ər-Riyad Husi tayfalarına qarşı hava hücumlarını dava etdirsə də hələ də devrilmiş prezident Mənsur Hadinin hakimiyyətini bərpa edə bilməyib.

Səudiyyə Ərəbistanın iştirak etdiyi yeganə iri miqyaslı müharibə 1991-ci il Körfəz müharibəsi olub. Beynəlxalq koalisiyanın üzvü olmasına baxmayaraq Səudi hərbçiləri müharibə ərzində heç bir xüsusiyyətlə yadda qala bilməmişdilər. İndiki halda isə Ər-Riyadın ən böyük regional dəstəkçisi rəsmi Ankaradır. Bölgədə kürdlərin fəallaşması və Əsəd qüvvələrinin uğurları ilə heç cür razılamaq istəməyən Türkiyə Səudiyyə Ərəbistandan fərqli olaraq kifayət qədər qüdrətli orduya malikdir. Belə görünür ki, rəsmi Ər-Riyad Suriyaya edilə biləcək hərbi müdaxilədə Türk ordusundan çox aktiv şəkildə istifadə etmək niyyətindədir.(BBC)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az