Şeyxülislam Allahşükür Paşazadə İraq XİN-nin məsul əməkdaşını qəbul etdi

Şeyxülislam Allahşükür Paşazadə İraq XİN-nin məsul əməkdaşını qəbul etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 30-da İraq Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Əli Əl-Dabbaqla görüşüb.

Səmimi şəraitində keçən görüşdə Azərbaycanla İraq arasında minillik tarixə söykənən qardaşlıq və dini-mənəvi əlaqələr barədə geniş danışıldı. İraqlı qonaq qəbula və qonaqpərvərliyə görə təşəkkürlərini bildirərək, Azərbaycanın dini liderini ziyarət etməyi şərəf saydığını bildirdi, onun dünya dini ictimaiyyəti arasında böyük nüfuz sahibi olduğunu vurğuladı. Cənab Əl-Dabbaq Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər münasibətilə təbriklərini ifadə etdi. Şeyxülislam A. Paşazadə işğaldan azad olunmuş Qarabağ ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri barədə, orada İslam dini irsinin bərpası yönündə həyata keçirilən bərpa və tikinti işləri barədə qonağa məlumat verdi. 

QMİ sədri ölkələrimiz arasında istər siyasi,iqtisadi, istərsə dini-mənəvi, mədəni əlaqələrin daha da dərinləşməsini arzu etdiyini, bunun öz müsbət bəhrəsini verəcəyinə əmin  olduğunu bildirdi və Uca Allahdan İraq xalqına və dövlətinə sülh, səadət və tərəqqi dilədi. 

İraqlı qonaq Azərbaycanın dini liderini ölkələrində görmək istədiklərini ifadə etdi. Şeyxülislam A. Paşazadə İraqdakı müqəddəs məkanların Azərbaycan xalqı üçün xüsusi önəm kəsb etdiyini xatırlatdı və məmnuniyyətlə müqəddəs torpaqları ziyarət etmək niyyətində olduğunu bildirdi. QMİ sədri üzvü olduğu Dünya Müsəlman Ağsaqqallar Şurasının növbəti görüşlərindən birinin İraqda keçirilməsi ehtimalından danışdı. Söhbət zamanı İslam aləminin nüfuzlu din xadimi Ayətullah əl - üzma Seyid Əli Sistani xüsusi ehtiramla anıldı, onun Roma Papadı Fransisklə görüşü xatırlandı, dinlər və məzhəblərarası münasibətlərdə müdrik mövqeyi təqdirlə qeyd olundu.   
Səmimi görüşdə Azərbaycan-İraq münasibətlərinin inkişaf perspektivləri, dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparıldı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az