Suriya atəşkəsində qalib Putindir- «The Washington Post»

Suriya atəşkəsində qalib Putindir- «The Washington Post»

Suriyada son atəşkəs razılaşması bazar ertəsi elə də uğurlu başlamadı. Bəşər Əsəd rejimi məhz sazişin əhatələdiyi əraziləri bombaladı. «The Washington Post» baş məqaləsində yazır ki, bu atəşkəs sazişinin işə düşməsi Moskvanın «diktator müştərisini» nə dərəcədə cilovlaya biləcəyindən asılıdır. Çünki Assad atəşkəs qüvvəyə minməmişdən bir neçə saat öncə Suriyanın bütün ərazisini güclə ələ keçirəcəyinə and içib.

SİYASİ DANIŞIQLAR BAŞ TUTSA...

«Amma Vladimir Putin rejiminin bu yöndə uğur qazanmağa, azından, motivi var. Bacaracaqsa, Putinin ABŞ-a iradəsini diktə etmək arzusunu gerçəkləşdirmiş olacaq».

«Rusiya bir il öncə Suriyaya birbaşa hərbi müdaxiləyə başlayanda, prezident Obama onun bir bataqlığa girdiyini söyləyirdi. Amma dövlət katibi John F.Kerrynin ötən cümə rusiyalı həmkarıyla əldə etdiyi razılaşma Putinə istədiyi hər şeyi vermiş oldu. Bir il öncə büdrəməkdə olan Assad rejimi güclənəcək, müxalifətə güclü bir zərbə dəyəcək. Birləşmiş Ştatlar isə Putinin çoxdankı tələbini yerinə yetirəcək, terrorçu hesab olunanların hədəfə alınmasında Rusiyaya qoşulacaq. Suriyanın gələcəyinə dair siyasi danışıqlar baş tutsa, – bu, azından, Obama administrasiyası hakimiyyətinin qalan ayları ərzində elə də real görünmür,–Əsəd rejimi və onun rusiyalı və iranlı havadarları üstün mövqedə olacaqlar», - qəzet yazır.
 
SANKSİYA DEYİL, GÜZƏŞTLƏR QOPARMAQ

Məqalədə vurğulanır ki, bu güzəştlər nəticəsində Obama Suriyanı Əsəddən azad etmək niyyətindən əl çəkmiş olur, Birləşmiş Ştatlar Yaxın Şərqdə Rusiyanın kiçik tərəfdaşına çevrilir. Əvəzində isə Kerri Hələbə və mühasirədə olan digər yerlərə humanitar çıxışlar vəd edir. Suriya hava qüvvələrinin üsyançılar yerləşən ərazilərə «çəllək bombaları», xlor qazı atmasının qadağan olunacağı bildirilir. Amma bu razılaşmanın mətni ictimaiyyətə açıqlanmayıb və onda boşluqlar ola bilər.

«Bu, həqiqətən də baş versə və həyatlar xilas edilsə, fayda gətirər… Amma Putinlə Bəşər Əsəd  daha öncə Suriyada, Putin isə ayrıca Ukraynada saysız atəşkəslərə razılaşıblar və hamısını da pozublar. Onların mükafatı daha çox ərazi ələ keçirmək, strateji mövqelərini gücləndirmək olub. ABŞ-dan isə sanksiya deyil, daha çox güzəşt və yeni razılaşmalardan ötrü təkliflər qoparıblar. Bu dəfə rejimlər vədlərinə bircə səbəbdən əməl edə bilərlər, axı indiki ABŞ administrasiyasının istismar müddəti bitib. Bu administrasiya bütün qırmız xətlərdən geri çəkildi, Rusiyanın Yaxın Şərqdə oturuşmasına imkan yaratdı və əliqanlı diktatordan canını qurtarmağa ümidlənən suriyalılara xəyanət etdi», - «The Washington Post» yazır./azadlıq.org/

Miq.az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az