11 səhifəlik Şuşa Bəyannaməsinin hərbi aspektləri - Hərbi ekspert açıqlayır...

11 səhifəlik Şuşa Bəyannaməsinin hərbi aspektləri - Hərbi ekspert açıqlayır...


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə çoxdan gözlənilən  tarixi səfəri iynun 15-də baş tutdu. Əslində bu səfərin Şuşada keçirilməsi, hər iki Prezident tərəfindən keçən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi zamanı razılaşdırılmışdı. Səfərin baş tutduğu tarixdə hər iki qardaş ölkənin ürəyi, Qarabağın ürəyi ilə olan Şuşada döyündü. 
 
Səfər çərçivəsində iki ölkə arasında bir çox mühüm məsələləri özündə əks etdirən 11 səhifəlik tarixi "Şuşa Bəyannaməsi” imzalandı. Tam olaraq "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” adlanan sənəd, Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalandı. Bəyannamə iki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərini tənzimləyir. 
 
Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bu Bəyannamə ilə yeni bir mərhələyə qədəm qoydu.
 
Bəyannamədə Qarabağın gələcəyi, Zəngəzur dəhlizi, Türkiyə ordu modeli, müdafiə, təhlükəsizlik və müdafiə sənayesi kimi sahələri əhatə edəcək birgə əməkdaşlıq fəaliyyətləri üzərində bir qədər dayanmaq istəyirəm. 
 
"Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu daha da artırmaq məqsədi daşıyır.  
Şuşa şəhərində açılacaq Türkiyə konsulluğu, qardaş ölkənin azad edilən Qarabağda ilk diplomatik təşkilatı kimi tarixə düşəcək.
 
Hər iki ölkənin 100 ildən sonra məhz Şuşa şəhərində hər iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə ortaq məxrəcə gəlməsi, müharibədən sonra "Qarabağ” kəlməsini dilinə pis niyyətlə gətirməyə cəhd edən qüvvələrə, o cümlədən bu tip bəyanatlarla Ermənistanda hakimiyyətə cəhd edənlərə və onları qızışdıran qüvvələrə verilən ən əhəmiyyətli və təsirli mesajdır.
 
Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması barədə bəyannamədə konkret hədəflər müəyyənləşdirilib. Bəyannamə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi ilə bərabər tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələrin aparılmasını nəzərdə tutur. Bəyannamənin bu bəndi Ermənistanda Qarabağı təkrar işğal etməyə çağıran ermənilərə və  onları qızışdıran xarici qüvvələrə imkanlarını təkrar qiymətləndirməyə impuls verməlidir. Çünki, artıq Azərbaycana atılan bir daş, Türkiyəyə təhdid kimi dəyərləndiriləcək. Əslində Azərbaycan ictimaiyyəti Rusiyanın Ermənistanda baza yaratmasına cavab olaraq, Qarabağda Türkiyə hərbi bazası yaratmağı çoxdan tələb edirdi. Bəyannamənin yuxarıdakı bəndi isə daha üstün təhlükəsizlik formatını özündə əks etdirdi. 
 
Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkil ediləcəyi də yer alıb. Burada ikitərəfli təlimmlər, birgə təcrübə mübadiləsi, kadr hazırlığı və s. Kimi fəaliyyətlər artan intensivliklə davam etdiriləcək. Silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə dair əldə olunan qərarlar, Azərbaycanın daha əvvəl hədəf olaraq təyin etdiyi "Türkiyə ordu modelinə” doğru fəaliyyətlərin məqsədyönlü şəkildə inkişaf etdirilməsi kimi qiymətləndirilir.
 
Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi isə tam fərqli bir formatdır. Bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi artıq birlikdə aparılacaq. Siyasi, iqtisadi və diplomatiya sahələrdə hər iki ölkə əlaqələndirilmiş fəaliyyətləri daha əvvəl təşkil etsə də, Təhlükəsizlik Şuralarının birgə iclaslarının keçirilməsi ilk dəfə razılaşdırılır. Ümimiyyətlə dünyada hec bir müttəfiq ölkələr arasında təhlükəsizlik məsələlərində birgə iclas keçirilməsi nümunəsinə rast gəlinmir. 
 
Nəticə
 
R.T.Ərdoğanın NATO sammitində birbaşa  bir çox liderlərlə, o cümlədən C.Baydenlə Qarabağ məsələsini müzakirə etdikdən sonra Şuşaya səfər etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Şüşa səfəri Türkiyə rəhbərliyinin müstəqil Azərbaycan tarixində ilk Qarabağ səfəri olsa da, mühüm hadisələrlə zəngin oldu. 6 ay əvvəl planlaşdırılan səfər çərçivəsində Şuşada "Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” imzalanması bütün regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İmzalanan sənədə işğalçı ölkənin və onun havadarlarının əsassız reaksiyalarını nəzərə alan tərəflər, Bəyannamənin heç bir dövlətə qarşı yönəlmədiyini də vurğulayıblar.
11 səhifədən ibarət yeni Bəyannamə, 2010-cu ildə Bakıda imzalanan "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin və ardınca İstanbulda imzalanan "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə”nin məntiqi davamı kimi, hər iki qardaş ölkənin strateji tərəfdaşlığını daha yüksək səyivvəyə daşıyır.
 
Əvvəlcədən gözlənildiyi kimi, Türkiyənin Şuşada konsulluğunun açılması da razılaşdırılıb. Bu isə hər qardaş ölkə vətəndaşlarının, o cümlədən ərazilərin yenidən qurulmasında iştirak edənlərin hava limanları və ya yeni avtobanlar vasitəilə Qarabağa səfərlərini asanlaşdıracaq. 
 
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin həm zərbə tipli "Bayraktar" PUA-larını istehsal edən "Baykar Makina" şirkətinin texniki direktoru Selcuk Bayraktarı, həm də şirkətin Baş direktoru Halik Bayraktarı "Qarabağ" ordeni ilə təltif etməsi, bu pilotsuz vasitələrin Azərbaycanda istehsalını gözləməyə imkan verir. PUA-lar bəlkədə Qarabağda, məsələn Ağdamdakı Sənaye Parkında istehsalı həm də mənəvi əhəmiyyət daşıya bilər. Ümumilikdə isə Azərbaycanda müdafiə sənaye məhsulları istehsal edən Birgə Mırkəzin yaradılması nəzərdə tutulur.
 
İmzalanan "Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi”ndə əks olunan qərarlardan irəli gələn vəzifələrin yerinə yerinə yetirilməsi, Azərbaycan və Türkiyənin Qafqazla bərabər bütün regionda, o cümlədən Orta Asiyada nüfuz dairəsinin genişlənməsinə və möhkəmlənməsinə imkan verəcək. Region ölkələrinin təhlükəsizliyə olan böyük ehtiyacını nəzərə alsaq, iki qardaş ölkənin birləşməsi, yeni güc mərkəzinin yaranması ilə nəticələnə bilər.
 
Vərən Müharibəsindəki məğlubiyyətdən sonra yalnız hüzn günlərini və yas mərasimlərini keçirən Ermənistan 15 iyunda Bayraq günü keçirməyə çalışırdı. "Şuşa Bəyannaməsi”nin də məhz bu gündə imzalanması erməni bayramını zəhər zəqqutuna döndərdi. Ermənistan hərbi-siyası dairələrində isə ciddi ruh düşkünlüyü müşahidə olunur. Məsələn eks prezident Levon Ter-Petrosyan dünən verdiyi "Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitib” açıqlaması ilə erməni cəmiyyətindəki əhval ruhiyyəni əks etdirə bildi.
 
Müstəqilliyimizin ilk günündən, xüsusilə də Vətən Müharibəsi günlərində Azərbaycana böyük mənəvi və siyasi dəstək verən Türkiyə Prezidenti R.T. Ərdoğanın bu  səfəri, ilk növbədə Türkiyənin Azərbaycana verdiyi açıq hərbi-siyasi dəstəyin daha da intensiv şəkildə davam etdiyi göstərdi. Türkiyə Prezidenti bu səfər vasitəsilə Qarabağdakı prosesləri ləngitmək fikrində olanlara, o cümlədən heç bir fayda verməyən 30 illik danışıqlar aparan ATƏT "turistlərinə” , bir daha gələcəkdə də regionun təhlükəsizlik məsələlərində iştirakdan geri çəkilmək niyyətində olmadığını, əksinə buradakı iştiakını genişləndirməklə Qarabağda digər ölkələrin işğalçıya verdikləri birtərəfli hərbi-siyasi və diplomatik dəstək fəaliyyətlərini qəbul etməyəcəyini nümayiş etdirdi. Bir daha rəqiblərimiz aşkar şəkildə başa düşməlidirlər ki, Azərbaycanın imkanları Türkiyənin, Türkiyənin imkanları isə Azərbaycanın imkanlarıdır. Bəyannamə Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər ediləcəyini rəsmən təsdiqlədi. Baş verən bu hadisələr, imzalanan sənədlər və səslənən bəyanatlar, Ermənistan tərəfinin ən qısa müddətdə və əlavə şərt irəli sürmədən sülh sazişinin imzalanmasına dair danışıqlara başlamasını şərtləndirir./Moderator.az/
 
Ədalət Verdiyev, hərbi ekspert


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az