Əli Əliyev: "Ölkədə dəyişikliklərin olmamasının birinci səbəbkarı hakimiyyətdir"
“2013-cü ildə dəyişikliyin olacağına zəmin görmürəm. Təbii ki, ölkədə dəyişikliklərin olmamasının birinci səbəbkarı hakimiyyətdir. Amma müxalifətin də strategiyadan uzaqlaşması onun uğursuzluğa düçar olmasına gətirib çıxarır”.
"Vətəninfo.az"-ın məlumatına görə, bunu AzNews.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Partiya sədri bildirib ki, Müxalifət üzərinə düşən işləri tam olaraq görməlidir ki, Azərbaycan cəmiyyəti, beynəlxalq təşkilatlar onlara dəstək olsunlar: “İndiki halda müxalifət düzgün qərarlar qəbul etmirsə və bu qərarların qəbulu zamanı şəxsi maraqlar üzə çıxırsa, hansısa irəliləyişdən danışmaq düzgün olmaz”.
Ə.Əliyev qeyd edib ki, ölkədə siyasi arenada ikiqütblü müstəvi formalaşdırılmalıdır: “İkiqütblü müstəvinin formalaşması üçün müxalifət təşkilatlanmalıdır. Müxalifət nəinki ayrı-ayrılıqda, hətta birlikdə olsalar belə, daxili resursları situasiyanı dəyişməyə imkan vermir. Situasiyanın dəyişməsi ölkədəki hakimiyyətdən narazı qüvvələrin prosesə qoşulmasından keçir. Narazılar etirazçı qüvvələr deyil, onlar hakimiyyətin yürütdüyü siyasətdən narazıdırlar. Bir sözlə, müxalifət aydın, şəffaf siyasət yürütməlidir, əsas siyasi təşkilatlar bir araya gəlməlidir. Belə olanda halda bu proses öz axarı ilə gedəcək. Təəssüflər olsun ki, buna nail ola bilmirik”.
"Vətəninfo.az"