27 sentyabr – Azərbaycan və Türk Dünyası üçün yüksəlişin başladığı gün

27 sentyabr – Azərbaycan və Türk Dünyası üçün yüksəlişin başladığı gün

Ermənistanın Respublikasının ölkəmizə qarşı işğalçılıq siyasətinin davamı kimi 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlandl. Minlərlə, on minlərlə Azərbaycan gənci, Vətən sevdalıları Səfərbərlik xidmətlərinə axışdılar, ata-analar öz övladlarını sevinc göz yaşlarıyla, dualarıyla Vətənin, Qarabağın müdafiəsinə uğurladılar, yola saldılar. Hamı bir andaca müsəlləh əsgərə döndü, dövlətinin, Ordusunun və Ali Baş Komandanın ətrafında tək yumruq kimi birləşdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu.Prezidentin komandanlığı ilə başlayan zəfər yürüşü nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun kəndlərini azadlığa qovuşdurdu. İlham Əliyevin şəxsində xalqımızın və dövlətimizin zəfərini belə təsnifatlaşdırmaq olar:
– Azərbaycanın ərazi bütövlüyü tam mənada bərpa olundu;
– Ermənistan Respublikası təslimçilik aktını imzaladı;
– Azərbaycanın bir parçası olan Naxçıvanla quru əlaqəsinin yaradılmasının hüquqi bazası yaradıldı;
– 30 illik həsrətdən sonra işğaldan azad olunan bölgələrə Böyük Qayıdış başladı.
Zəfər savaşı iki əsrlik münaqişənin birdəfəlik bitirməklə bərabər Azərbaycan tarixinin son 5 əsrində ilk dəfə milli haqqımız olan torpaqlarımıza hakim olmaq faktıdır.
Müstəqil Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyev erasının reallıqlarını və sabaha olan böyük ümidlərini yaşamaqda davam edir. Azərbaycan arzularının reallığa çevrildiyi qızıl bir dönəm yaşayır. Şuşa şəhərinə dünya ölkələrindən rəsmi şəxslərin, görkəmli insanların və səyyahların gəlişi, bu qədim Azərbaycan şəhərinə arzu edən hər bir Azərbaycan vətəndaşının gedib-gəlmək imkanının olması bugünün həm möcüzəsi, həm də gerçəkliyidir. Qarabağ bölgəsində və Şərqi Zəngəzur ərazisində salınan "ağıllı kənd” və "ağıllı şəhər” layihələri dünyaya nümunə ola biləcək ağıllı Prezident örnəyi tərəfindən həyata keçirilə biləcək fantastik gerçəkliklərdir. Artıq istifadəyə verilmiş və ən yüksək dünya standartlarına cavab verən Füzuli aeroportu, Laçında, Kəlbəcərdə, Zəngilanda təməlləri atılan və inşası sürətlə davam etdirilən aeroportlar silsiləsi Qarabağın yeni dövrünün İlham Əliyev reallıqlarıdır.Erməni vəhşiləri tərəfindən dağıdılmış, Azərbycanın Xirosiması kimi tanınan Ağdam şəhərinin sürətlə bərpa edilməsi və yenidən qurulması Böyük Qayıdış Hərəkatının möhtəşəm quruculuq ritmlərini özündə əks etdirir. Qarabağda tikilməkdə davam edən məktəblər, xəstəxanalar, hotellər, yaşayış evləri, sənaye müəssisələri, alternativ yaşıl enerji stansiyaları İlham Əliyev gerçəkliklərinin geniş mənzərəsini təsəvvür etməyə imkan verir.
B u gün Azərbaycan beynəlxalq aləmdə çox Bu gün Azərbaycan böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Bu mənada Azərbaycanın
qazandığı zəfərin möhtəşəmliyi həm də ondadır ki, bu qələbənin miqyası, hüdudları hərbi-siyasi yönümdən tarixin yenidən yazılması gerçəkliyinədək uzanır. Qarabağ zəfəri Azərbaycanın bölgənin lider dövlət statusunu təsdiqləməklə bərabər Türk dünyası birliyinə yol açdı. Qarabağ zəfəri Türkiyənin qurutuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir. Bu təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir.Ötən ilin iyun ayında Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin qəbul edilməsi, Azərbaycanla Qırğızıstanın Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalaması türkdilli dövlətlər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə adladığını söyləməyə əsas verir.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında qərarın verilməsini və bu qərardan dolayı bir sıra addımların atılmasını münasibətlərin inkişafında yeni mərhələdir. Regionda və dünyada baş verən böhran, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, ABŞ və Qərbin Rusiyaya qarşı məlum sanksiyaları, qlobal ziddiyyətlər fonunda türkdilli dövlətlərin münasibətlərini yüksəltməsi, qarşılıqlı müqavilələrlə strateji tərəfdaş statusu qazanmaları Türk Dünyasının dünyada yeni güc mərkəzi kimi formalaşmasının başlanğıcıdır. Bir sözlə biz bu gün-27 sentyabr anım gününün ikinci ildönümündə tarixin gedişni dəyişən şəhidlərimizin xatirəsini ehtiramla yad edir və yüksəliş tarixini yaşayan Lider Dövlət statusuna şahidlik edirik.

Fəzail İbrahimli
Milli Məclis sədrinin müavini


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az