Tovuz Gömrük İdarəsinin əməkdaşları 4 min qutudan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə imkan verməyib.
ANS-in məlumatına görə, idarənin əməkdaşlarına daxil olmuş xəbər əsasında Babək Kəlayevin idarə etdiyi "Opel” markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 2130 qutu siqaret aşkar edilib. Babək Kəlayev aşkar edilən siqaretlərin Qazax rayon sakini Aynurə İbrahimxəlilovaya məxsus olduğunu bildirib.
Araşdırma zamanı məlum olub ki, Aynurə İbrahimxəlilova həmin siqaretləri satmaq məqsədilə Gürcüstandan ölkəmizə gələn şəxslərdən alaraq toplayıb.
Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan digər əməliyyat məlumatı əsasında isə Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Oruc Sanıyevin idarə etdiyi "Volkswagen” markalı avtomobilə baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 1950 qutu siqaret aşkar edilərək götürülüb.