Vətəninfo.az-a hazırda 1 saylı həbsxananın cəza kamerasına salınan Paşayev Elşən Heydər oğlunun anası Mirzəyeva Lida Piralı qızı tərəfindən verilən məlumatda qeyd edilir ki, 1 saylı həbsxananın rəisi Rövşən Niyazov oğlundan qisas alır və bu günlərdə qapalı həbsxanadan 1 saylı həbsxanaya qaytarılan Elşəni qeyri-qanuni olaraq karsa salıb.
Fəryad edən ana Lida Mirzəyeva bildirir ki, 1 saylı həbsxananın rəisi Rövşən Mirzəyevin belə amansız hərəkətinin səbəbi 12 il azadlıqdan məhrum edilən və verilən cəzanın 11 ilini həbsxanada keçirən oğlu Elşən Paşayevin qanunla ona verilən hüquqdan istifadə edərək məhkəməyə müraciət etməsidir.
"Oğluma 12 il məhkəmə tərəfindən cəza verilib. Verilən cəzanın da 11 ilini çəkib. Qanunla hüququdur ki, o, vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət etsin. O bu hüququndan yararlandığı üçün belə cəzalandırılır. Rövşən Niyazov üzümə dedi ki, sənə oğlunu sağ-salamat verməyəcəm. Sənin oğlunun burdan ölüsü çıxmalıdır. Mən üzümü ölkəmizin prezidenti, möhtərəm İlham Əliyevə, ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, ən başlıcası gözəl ana olan Mehriban xanım Əliyevaya tutaraq kömək istəyirəm. Bir ananın fəryadını eşitmələrini istəyirəm. Oğlumu gözüm görə-görə Rövşən Niyazov öldürür”.
Redaksiyadan:qeyd edək ki, bir müddət əvvəl də Lida xanımın oğlu ilə bağlı açıqlamaları dərc etmişdik və çox təəssüflər olsun ki, başda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev olmaqla ananın bu fəryadına biganə yanaşmışlar.
Vətəninfo.az