Etibar Pirverdiyev dövlətdən nə qədər oğurladı?

Etibar Pirverdiyev dövlətdən nə qədər oğurladı?


Vətəninfo.az Sumqayıt Texnologiyalar Parkı ilə bağlı araşdırma xəbərlərini öz oxucularına çatdırmaqdadır.

Ötən yazılarımızda qeyd etmişdik ki, STP-ı Etibar Pirverdiyevin nəzarətindən çıxarılaraq sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qeyri-rəsmi nəzarətinə verilib. Belə bir prosesə rəva görülməsinin səbəbi isə Etibar Pirverdiyevin 104 milyon vəsaiti havaya uçurması və dövlətə borclu olması ilə bağlıdır. Onu da vurğulamışdıq ki, STP-ı ölkə büdcəsinin milyonlarla vəsaiti hesabına inşa edilib. STP-ı ilə bağlı redaksiyamıza daxil olan son məlumatlarda qeyd edilir ki, Etibar Pirverdiyevin dövründə xaricdən müxtəlif avadanlıqların hazırlanması üçün alınan bəzi avadanlıqların qiymətləri fantastik şəkildə şişirdilərək dövlət büdcəsindən milyonlarla vəsait mənimsənilib. Misal üçün, hazırda STP-nın Mis və Alüminium profilləri sexində olan "əritmə sobası” STP-da yığıldığı halda, bu sobanın qiyməti elə bir şəkildə müəyyənləşdirilərək dövlətin kassasından vəsait silinib ki, bu rəqəmlə STP-da çalışan minlərlə insanın aylıq əməkhaqlarını ödəmək mümkündür.
 
 
Belə ki, "əritmə sobası” STP-da yığılmasına baxmayaraq, qiyməti 1 milyon 800 yüz min avro göstərilib. Bununla bağlı həmin sahənin mühəndisləri ilə söhbətimizdə bildirdilər ki, belə bir qurğu ölkə ərazisində və yaxud xaricdən alınsa belə, qiyməti 400-500 min avro ola bilər. Yəni Etibar Pirverdiyevin dəstəsi "əritmə sobası”nı 1 milyon 800 min avro göstərməklə ən azı 1 milyon 300 min avro qazanc əldə ediblər.
 
Bu da dövlətin kassasından 1 milyon 300 min avronun oğurlanması deməkdir. Bu bir fakt. İkinci bir fakt ondan ibarətdir ki, hazırda STP-nin Alüminium Əritmə sexində ABŞ istehsalı olan iki ədəd " Metal süzmə masası”nın bazar qiyməti mütəxəssislərin hesablamalarına görə, ikisi birlikdə 1 milyon avro etməz. Amma Etibar Pirverdiyevin dəstəsi bu iki cihazın qiymətini dövlətin belinə 3 milyon 800 yüz min avro yazmaqla əlavə milyonlar oğurlayıblar.

Digər tərəfdən, redaksiyamıza daxil olan məlumatda və göndərilən fotolarda STP-nın həyətində yüzlərlə xarici ölkələrdən od qiymətinə alınan avtomobillər, eyni zamanda STP-da yığılan avtomobillər Allahın ümidinə qalıb. Belə ki,bir ildən artıqdır ki, bu avtomobillər qışın şaxtasında, yazın yağışında, yayın qızmar istisində qaldığından cürüməyə məhkum ediliblər.
 
 
Deməli, ölkənin dövlət büdcəsindən ayrılan milyonlarla vəsait Etibar Pirverdiyev kimilərin ucbatından məhv olmaqdadır. Bunun sorğu-sualını isə hələlik aparan yoxdur. Ən azından ölkənin hüquq-mühafizə orqanları, yaxud Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Etibar Pirverdiyevi sözügedən məsələlərlə bağlı sorğu-sual etmirsə, burada artıq günah qeyd edilən qurumların üzərinə düşür.

Hazırda STP-da çalışan işçilərin ümumi aylıq əməkhaqqı büdcəsi 1 milyon 400 yüz min manat təşkil edirsə və yığılıb qalan əməkhaqqı üç aydır işçilərə ödənmirsə, bunun cavabını Etibar Pirverdiyev verməlidir.

Qeyd etdiyimiz kimi, yuxarıda qeyd edilən sexlərdə qiymətləri şişirdilərək alınan sobalardan əldə olunan milyonlarla vəsait işçilərin əməkhaqlarına ödənmiş olsaydı, bu gün STP-nın işçilərinə borcu olmazdı.
 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirdiyi bütün müşavirələrdə korrupsiya və rüşvətə bulaşan məmurların cəzalandırılacağını dəfələrlə vurğulayıb, eyni zamanda hüquq-mühafizə orqanlarına belə məmurları aşkarlayıb cəzalandırılması üçün tapşırıq vermişdir. İndi növbə bu qurumlarındır, cənablar, işinizi ədalətli görün...
 
Vətəninfo.az
 






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az