"Aslan Aslanovgil bizimlə düşmənçiliyi davam etdirir"


Kənd təsərrüfatı nazirinin müavini olmuş, buna qədərsə Şəmkirin icra başçısı çalışmış Aslan Aslanovun oğlu Ruslanın ölümünə görə 2003-cü ildən həbsdə olan Vüqar Əliyev haqqında yeni hökm çıxarılıb. Onsuz da ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev bu dəfə CM-in 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və ya istifadəsi) maddəsilə təqsirli bilinib və ona Qaradağ Rayon Məhkəməsinin hökmü ilə daha bir il həbs cəzası kəsilib.

Miq.az Azadlıq radiosuna istinadla xəbər verir ki, noyabrın 16-da yeni hökmdən şikayətə Bakı Apellyasiya Məhkəməsində Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Qobustandakı qapalı həbsxanada saxlanılan Vüqar Əliyevin özü də məhkəmə iclasına qatılıb.

«SİFARİŞ GƏLDİ DEYƏ, SAXTA CİNAYƏT İŞİ QALDIRDILAR»
 

 Vüqar Əliyev

Vüqar Əliyev ittihamın saxta olduğunu bildirib. Mobil telefon gizlədib saxlamaqda təqsirləndirilən Vüqar Əliyev deyir ki, həbsxanadakı müşahidə kameralarının yaddaşına baxış keçirməklə həqiqəti ortaya çıxarmaq olar. Amma nə istintaqı aparan prokurorluq bu işi görüb, nə də Qaradağ Rayon Məhkəməsi.

Vüqar Əliyevin sözlərinə görə, telefonu həbsxana əməkdaşı satıb: «Gah telefonu əlimdən aldılar, gah bunu görə atamdan pul aldılar. Sonra da sifariş gəldi deyə, saxta cinayət işi qaldırdılar. 2002-ci ildən mənə qarşı bu düşmənçilik davam edir. Bu işlə bağlı heç bir istintaq araşdırması getməyib, gəlib iki dəfə qol çəkdiriblər, vəssalam».

Məhkəmə qısa müşavirədən sonra hökmün dəyişdirilmədən qüvvədə saxlanıldığını elan edib.

«ASLAN ASLANOVUN OĞLU ƏDLİYYƏ NAZİRLİYİNDƏ İŞLƏYİR»

Vüqar Əliyevin anası Məlahət İsmayılova məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, oğlu haqqında yeni cinayət işi sifarişlə hazırlanıb: «Aslan Aslanovun oğlu Ədliyyə Nazirliyinin istintaq idarəsində müstəntiq işləyir. Onlar bu günədək düşmənçiliyi davam etdirirlər. Lamiyə məsələsində üstü açıldı ki, bunlar sifarişlə adamların başına hansı oyunları açdırırlar. Vüqara ömürlük verdirməklə kifayətlənməyiblər, onu tamamilə məhv eləmək istəyirlər. Baxın, həbsxana rəhbərliyi telefonu hansı əməkdaşın satdığını da bilir, amma onu cəzalandırmır. Əksinə, həbsxananın rəisi başqa cəzaçəkmə müəssisəsinə rəis göndəriləndə onu da özü ilə apardı. Deməli, özünə yaxın adamdır».

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az