Əxlaqsız təklifə görə adam öldürən idmançı qızın müraciəti -EKSKLÜZİV FOTOLAR
Əxlaqsız təklifə görə Novxanıda adam öldürən idmançı qızın müraciəti təmin edilməyib
Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunan Xaçmaz rayon sakini Səringül Ramazanovanın (1995-ci il təv.) müraciəti əsasında proses keçirilib.
Miq.az-ın məlumatına görə, bu il aprelin 14-də məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum olunub. Üstündən 6 ay keçəndən sonra Ramazanova hökmdən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı həmin məhkəməyə müraciət edib. Lakin müraciəti araşdıran məhkəmə onu təmin etməyib.
Qeyd edək ki, 2015-ci il oktyabrın 10-da Səringül Ramazanova Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gələrək, Novxanı qəsəbəsində cinayət törətdiyini bildirib və könüllü təslim olub. Dərhal sonra növbətçi hissədən Binəqədi RPİ-nə bu barədə məlumat verilib və saxlanılan qız oranın əməkdaşlarına təhvil verilib. Bakı şəhər sakini Anar Məmmədovun (1984-cü il təv.) yaralanması ilə əlaqədar İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədən 2 gün sonra yaralanan şəxs xəstəxanada dünyasını dəyişdiyinə görə, cinayət işi istintaqın davam etdirilməsi üçün Binəqədi rayonn prokurorluğuna verilib. Təqsirləndirilən şəxsin əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
İstintaqla müəyyən edilib ki, oktyabrın 10-u saat 16 radələrində Novxanı qəsəbəsində yerləşən "Nursu” istirahət mərkəzində, Səringül Ramazanova həmin gün dəniz kənarında tanış olduğu Anar Məmmədov və sonuncunun tanışları Şəmsəddin Umudov, Asif Eyvazov, Əhməd Hüseynov və Yaşar Heydərovla birgə yeyib-içiblər. Spirtli içki qəbul edərək, yüngül dərəcəli sərxoşluq vəziyyətində olduğu zaman Məmmədovun onunla cinsi əlaqədə olmaq istəyini bildirməsinə irad tutan Ramazanova, danışığına fikir verməsi barədə xəbərdarlıq edib.

Bundan qəzəblənən Anar Səringülə məxsus "Samsung” markalı telefonu yerə, vurub sındırdıqdan sonra, onun valideynlərinin ünvanına söyüşlər söyüb. Asif Eyvazov və Şəmsəddin Umudov Anar Məmmədovun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün dəfələrdə onu istirahət mərkəzinin bınasından çölə çıxarsalar da, sonuncu yenə də ora qayıdaraq Ramazanovanı təhqir edib. Anarın hərəkətlərindən hiddətlənən Səringül yaranmış münaqişə zamanı, qısas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Masanın üzərindən mətbəx bıçağını götürən Ramazanova Məmmədovun boynunun sol yarısından 1 zərbə vurub, sonuncunun dostu Şəmsəddin Umudov onun qarşısını kəsərək, əlini burub, bıçağı yerə salıb və onun tərəfindən təkrar zərbələrin vurulmasının qarşısını alıb. Bununla da, Səringül Ramazanova zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Səringül Ramazanova ifadəsində göstərib ki, oktyabrın 10-da Novxanı qəsəbəsində dəniz kənarı ilə Sumqayıt şəhərinə tərəg gedərkən, kafenin qarşısında tanımadığı bir nəfərə yaxınlaşıb su istəyib. Amma bunun əvəzində özünü Anar kimi təqdim edən şəxs onu kafeyə çay içməyə dəvət edib. Səringül etiraz etməyib, çay içəndən sonra Anar onu başqa bir kafeyə yemək yeməyə aparıb. Orda kafenin müdiri Şəmsəddin Umudovla və daha 2 nəfərlə tanış olub, birlikdə masa arxasında əyləşib yemək yeyib, spirtli içki içiblər.

Təxminən 2 saatdan sonra Anar qəflətən intim əlaqədə olmağı təklif etdikdə, Səringül ona içkili olduğunu bildirərək ağzına gələni danışmamağı xahiş edib. Asif adlı oğlan Anarı sakitləşdirərək çölə çıxarıb, lakin sonuncu yenə də içəri qayıdaraq təkrar valideynlərinin ünvanına söyüşlər söyüb və onu vurub. Səringül Anara bir daha ata-anasını onları təhqir etməməyi tələb edib. Sonuncu isə, heç kimi eşitməyib və söyüşlərini davam etdirib. Onun hərəkətlərindən əsəbiləşən Səringül stolun üstündən mətbəx bıçağını götürüb Anarı vurmaq istədikdə, kafenin müdiri qarşısını kəsib, təmkinli olmasını xahiş edib. Amma həmin an Məmmədov Şəmsəddin arxasından çıxıb, üstünə gəlib və Ramazanova 1 dəfə bıçaqla onun boyun nahiyyəsindən vurub. İfadəsinə əlavə olaraq o bildirib ki, Anarı öldürmək fikri olmayıb. Anar qaçıb, getdikdən sonra kafenin müdiri ilə arasında mübahisə yaranıb. O, Məmmədovun dalınca xəstəxanaya getmək istədiyini desə də, Şəmsəddin onu kafedən çıxmağa qoymayıb. Səringül Umudovun hərəkətlərindən əsəbləşib, araq şüşəsi ilə pəncərənin şüşəsini sındırıb və ordan, çıxıb, yoldan keçən avtomaşınla Sumqayıtdakı polis bölmələrindən birinə gedərək, Novxanıda bıçaqla adam vurduğunu bildirib.
Təqsirləndirilən qız Xaçmaz rayonunda anadan olduğunu, valideynlərini körpə vaxtı itirdiyini və heç birini xatırlamadığını bildirib. Rayondan Sumqayıta gələrək, orda yaşayıb, müxtəlif kafelərdə ofisiant işləyib, qaydasız döyüş idman növü ilə məşqul olub. Anar Məmmədovu və digər şəxsləri əvvəllər tanımayıb və heç biri ilə yaxın münasibəti olmayıb.
Miq.Az