“Hakimiyyətin daxilindəki “beşinci kolon”un nümayəndələri təcili həbs edilməlidir” – ÇAĞIRIŞ

“Hakimiyyətin daxilindəki “beşinci kolon”un nümayəndələri təcili həbs edilməlidir” – ÇAĞIRIŞ

"Dediklərimin hamısı bəlli məsələlər olsa da, bu qüvvələr nədənsə hələ də öz üstünlüklərini qoruya bilirlər”.

Bu fikirləri Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə soyuqluq yaratmaq cəhdlərinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, Rusiyaya bağlı olan "beşinci kolon” Azərbaycanın qonşularla münasibətlərini korlamağa çalışır:

"İndiyə kimi bunu bir neçə dəfə demişəm və yenə öz fikrimdə qalıram ki, hakimiyyətin daxilində olan "beşinci kolon” bütün imkanları ilə çalışır ki, Azərbaycanla Türkiyə arasında nifaq salsın.

Burada, əlbəttə ki, çox ciddi Rusiya amilinin olduğu da nəzərə alınmalıdır. O qüvvələrin əsas məqsədi Rusiyanın Azərbaycanda möhkəmlənməsini təmin etmək, Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin işləməsinə mane olmaqdır.

Bir da bildirmək istəyirəm ki, Azərbaycanda milli birliyi gücləndirmək lazımdır. Rusiyaya bağlı olan "beşinci kolon” Azərbaycanın qonşularla münasibətlərini korlamağa, bizi Türkiyə ilə düşmən etməyə cəhd göstərir.

Türkiyə ilə Azərbaycanı "Bir millət, iki dövlət” adlandırırlar. Mən çox arzulayıram ki, bu "Bir millət, bir dövlət olsun”. Amma bunun baş tutmasını istəməyən, burada müxtəlif sahələrdə oturub Moskvanın, Putinin göstərişlərini yerinə yetirən qüvvələr, çox sayda insanlar var axı…

Ona görə də yenə əminliklə deyirəm ki, hakimiyyətin daxilindəki "beşinci kolon”un nümayəndələri təcili həbs edilməlidirlər. Onların içində kifayət qədər yüksək vəzifə tutanlar var, Azərbaycan xalqını incitmək üçün xüsusi komanda formalaşdırıblar. Dediklərimin hamısı bəlli məsələlər olsa da, bu qüvvələr nədənsə hələ də öz üstünlüklərini qoruya bilirlər.

Bütün hallarda Türkiyənin bayraqlarının yığışdırılması böyük biabırçılıqdır. Hər şey bir yana, onlar Türkiyənin 44 günlük müharibədə Azərbaycana necə böyük dəstək verdiyini bilmirlər? Həmin qüvvələr həm də Azərbaycanın Qərblə münasibətlərini korlamağa çalışırlar ki, biz məcburiyyətdən Rusiyaya yaxınlaşaq. Buna qətiyyən yol vermək olmaz”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az