"Hər gün mənə güllər göndərir, şam yeməyinə dəvət edirdi"
Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı İlham bəydən danışıb.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-a açıqlama verən sənətçi ona sevgisini etiraf edib:
"Həyatda
çox çətinliklər görmüşəm. Salon açdım, veriliş yaratdım, nə qədər
insana maaş verirəm. İndi restoran açıram. Çox özəl, fərqli bir yerdir.
Dəbdəbədən, zər-zibadan uzaqdır. Rahat, sakit ab-havadadır. Bütün günümü
ora sərf edəcəyəm. Hər müğənniyə Allah şans vermir ki, 40-50 yaşında
sevilsin. İndi 36 yaşım var, sevilirəm. Bəlkə 5 ildən sonra məni sevən
olmayacaq. Ailəm var, onlara gələcək qurmalıyam. İstəyirəm kiçik də
olsa, bizneslər yaradım. Ondan sonra da klinika açmağı planlaşdırıram.
İstəyirəm doğum evi açım. Hər dəfə orada uşaq dünyaya gələndə, mən
sevincimdən uçacağam. Buna görə böyük vəsait lazımdır. Həyat yoldaşıma
demişəm. Bilir ki, xanımlarla çalışmağı sevirəm. Qorxuram biznesləri
yaradandan sonra məni oxumağa qoymasın. Deyəcək pulun var da (gülür).
Yoldaşım müasirdir, geyimimə, sənətimə qarışmır, əksinə dəstək olur.
Mənimlə fəxr edir. O məni çox istəyir. Deyir, sən güclü qadınsan. Həyat
yoldaşım məni ən çətin günlərimdə qəbul edib. O günümdə, o vəziyyətimdə
məni istəyib. Böyük ürəyi var”.
R.İsmayılova həyat yoldaşı ilə necə tanış olduqlarından da bəhs edib:
"O,
məni illər əvvəl tanıyıb. Həmin vaxtlar ailəli olub. Sonra yoldaşından
ayrılan ərəfədə məni məclisdə görüb. Deyib, "Bu qız mənim olmalıdır”.
Altı ay nişanlı qız-oğlan kimi yaşamışıq. Hər gün mənə güllər göndərir,
şam yeməyinə dəvət edirdi. Sonra dedi ki, evlənək. İnsanlar müğənniləri
başqa cür düşünürlər: siqaret çəkən, içki içən. Mən bunlardan uzağam.
Mən həyatımda siqaret, içki nədir, qəbul etməmişəm. Yoldaşım da mənə
dedi ki, necə yəni, sən də azərbaycanlı müğənnisən, bunlardan uzaqsan?
Düzü, heç vaxt sənətçilərimiz arasında elələrini görməmişəm. Edənə də
pis baxmıram. O qədər dərdimiz, problemimiz var ki, ən acı təmbəki belə
onu unutdurmaz. Müğənniləri qınamayın. Nə qədər gülsək də, problemimiz
çoxdur. Biz dəbdəbəli həyat yaşamağa öyrəşmişik. Çətinlik görəndə
depressiyaya düşürük, özümüzə qapanırıq. Xoşlayırıq ki, bizdən
danışılsın. Amma eyni zamanda sadəliyi də sevirəm. İstəyirəm hərdən
bazara girib alış-veriş edim. Restoranı ona görə açıram ki, orada
yeməklər hazırlayım. Gözəl əl qabiliyyətim var. Hamımız o dünyaya
gedəcəyik. Deməyəcəklər ki, bu müğənnidir, bu adi adam. Yıxılsam da,
ayağa durmağı bacarıram. Çox çətinliklər gördüm. Qudurmadım. Bəzi sənət
dostlarım var ki, tanınandan sonra dəyişiblər. Mən xalqımı sevən qızam.
Məni toylarına aparıb pul veriblər. O pulla borclarımı qaytarıb,
balalarımı böyütmüşəm. Elə həddə gəlmişdim ki, yaşamaq istəmirdim. Çətin
günümdə bir sənət dostum mənə zəng vurmadı. İndi hamının dostuyam,
bayramlarda yada salırlar. Moskva toylarım çoxalandan sonra hamısı məni
çox istədi (gülür). Qalmaqallardan uzağam. Başımı aşağı salıb
işləyirəm”.
Müğənni həyat yoldaşının Bakıya tez-tez gəldiyini də bildirib:
"Həftənin
şənbə günü gəlir, bazar ertəsi isə qayıdır. Bəzən mən onun yanına
gedirəm. Biznesi Almaniyadadır, orada yaşayır. Çox dadlı yeməklər
hazırlayır. Bəzən elə maraqlı xörək hazırlayıb, masaya gətirir ki,
Aysun, biz təəccüb qalırıq”.