Piter Elçinin kiçik qardaşının ötən gün Masallıda avtomat silahla güllələnməsi 6 ay əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində hamının gözü qarşısında sifarişlə öldürülən böyük qardaşın qətlini göz önünə gətirdi. Hər iki qardaş sifarişlə, güllələnərək qətlə yetirilib. Piter Elçinin kriminal aləmdəki nüfuz savaşı qardaşlarına niyə şamil olundu? Azərbaycan kimi kriminal durumun sabit olduğu bir ölkədə sifarişlə adam öldürməyə qədər cəsarət edən nüfuz sahibi kimdir?
Miq.az axar.az-a istinadən xəbər verir ki, kriminal avtoritet, kifayət qədər böyük nüfuz sahibi olan Piter Elçinin – Elçin Maşallah oğlu İsmayılovun qardaşı, Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov Masallı rayonu ərazisində, Türkoba kəndi yaxınlığında naməlum şəxs tərəfindən ötən gün odlu silahla qətlə yetirildi. Qətl axşamüstü, 90 HV 110 dövlət qeydiyyat nömrə nişanlı "Folksvaqen-Passat" markalı avtomobildə olan şəxs tərəfindən, həm də avtomat silahla icra edildi. Məlumata görə, artıq qətldə iştirak edənlərdən biri könüllü olaraq polisə təslim olub.
Azərbaycanda avtomat silahın kimdəsə mövcudluğu bir sensasiya, qətlin məhz avtomatla törədilməsi növbəti sensasiyadır. Üstəlik, qatilin könüllü surətdə təslim olması bu qətlin arxasında böyük qüvvənin durduğuna dəlalət edir.
Maarif İsmayılov necə öldürülmüşdü?
Düz 6 ay əvvəl, iyunun 20-də iş adamı Maarif İsmayılov Sankt-Peterburqun Sofiysk meyvə-tərəvəz bazarının qarşısında qətlə yetirilmişdi. Qatil də azərbaycanlı idi – Emil Hüseynov.
Hadisədən dərhal sonra Sant-Peterburqda fəaliyyət göstərən "Fontanka” saytı "etibarlı mənbələrə” istinadla guya 27 yaşlı Emil Hüseynovla 60 yaşlı Maarif İsmayılov arasında borca görə münaqişə yaşandığı, borcunu ala bilmədiyi üçün E.Hüseynovun pnevmatik tapança ilə M.İsmayılovu vurduğu və ikincinin öldüyü barədə xəbər tirajladı. Ancaq az keçmədən yayılan iki ardıcıl video qətlin motivini aşkara çıxardı və Sankt-Peterburqdakı kriminal xəbərlər yazan medianın imkanlı şəxslərin sifarişi ilə rəy yaratmağa girişdiyi barədə şübhə yarandı.
Peterburq saytlarına müdaxilə edə bilən nüfuz sahibi kim ola bilərdi?
Qətl görüntüləri:
Bu görüntüdə qətl anbaan qeydə alınmışdı. Qatilin uzaqda olduğu, onlar arasında heç bir mübahisənin baş vermədiyi, E.Hüseynovun gizləndiyi yerdən çıxaraq ilk gülləni uzaqdan vurması və daha sonra qaçıb yaxınlaşaraq, "kontrol atəşlə” M.İsmayılovu qətlə yetirdiyi aydın görünürdü. Tapança isə heç də pnevmatik deyildi.
Digər görüntüdə isə bazarda çalışan azərbaycanlıların qaçıb aradan çıxmaq istəyən E.Hüseynovu yaxaladıqları və al-qana boyanmış qatilin qətli sifarişlə törətdiyini etiraf etməsi əksini tapıb. Gözü qızan kütləyə Vaqif adlı şəxsdən sifariş aldığını deyən E.Hüseynov bu qətli 150 min dollar müqabilində icra etdiyini də bildirir.