Bu gün Bakı Apellyasiya Məhkəməsində "İctimai Televiziya və
Radio Yayımları Şirkəti"nin Milli Televiziya və Radio Şurasına (MTRŞ)
qarşı apellasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Vətəninfo.az "Report"-a istinadən xəbər verir ki, hakim Elşanə
Vəliyevanın sədrliyi ilə keçirilən iclasda hər iki tərəfin müdafiəçiləri
dinlənilib.
Məhkəmə prosesində xatırladılıb ki,
2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli
teleserialların və televiziya filmlərinin çəkilişi üçün televiziya
kanallarına dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Həmin ildə
MTRŞ İTV-də yayımlanan "Qarabağnamə” çoxseriyalı bədii televiziya
filminə 800 min manat vəsait ayırıb. Lakin televiziya filmi yarımçıq
dayandırılıb. Bu il MTRŞ "İctimai Televiziya və Radio Yayımları
Şirkəti"ni məhkəməyə verərək həmin film üçün ayrılan vəsaitin 429 min
manatının geri qaytarılması barədə tələb irəli sürüb.