"Odlar yurdu" çay evində odlu silahla qətl -FOTOLAR
"Odlar yurdu" çay evində odlu silahla qətl törədən Ağsu sakini 19 il cəza alıb
Miq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Vüqar Şirinovun (1983-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu il martın 5-də Nəsimi rayonunun 4-cü mikrorayonunda, Cavadxan küçəsində yerləşən "Odlar yurdu" çay evindən Ağsu rayon sakini Murad Qubadov (1975-ci il təv.) döş qəfəsi və sifət nahiyələrindən aldığı güllə yarası ilə Kliniki Tibbi Mərkəzə gətirilib və orada kəskin qanitirmədən ölüb. Səhərisi gün cinayəti törədən Vüqar Şirinov könüllü olaraq Ağsu RPŞ-yə gələrək təslim olub. Sonra o, aidiyyatı üzrə Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşlarına təhvil verilib. Qeyd edək ki, cinayətin aləti hesab edilən qundağı və lüləsi kəsilmiş "İJ-12” markalı ov tüfəngi əməliyyatçılar tərəfindən 20 yanvar küçəsindəki 40 saylı evin həyətində aşkar edilib.
İş üzrə dindirilən V.Şirinov cinayəti pul borcu ilə əlaqədar törətdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrum olunub.
Miq.az