Səhiyyə Nazirliyindən dərmanlarla bağlı rəsmi açıqlama
"Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra
qiymətlərin aşağı düşməsinin keyfiyyətə təsir göstərəcəyi ilə bağlı
yayılan fikirlər əsassızdır”.
Vətəninfo.az xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Dərman
Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə
nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.
O bildirib ki, qiymətləri tənzimlənən dərman vasitələrinin hamısı dövlət qeydiyyatına alınıb: "Dərman vasitəsi dövlət qeydiyyatına alınan, qeydiyyat prosedurundan
keçən zaman müxtəlif ekspertizalardan keçirilir. Yəni onun keyfiyyət
parametrləri, təhlükəsizlik parametrləri təsdiqləndikdən sonra dövlət
qeydiyyatına alınır. Dərmanın qiymətinin yuxarı və aşağı olması onun
keyfiyyətinin yuxarı və aşağı olması demək deyil. Bu səhv fikirdir”.
P.
Əzizbəyov qeyd edib ki, bu gün eyni təsiredici maddə üzrə tərkibi eyni
olan, müxtəlif ölkələrdə müxtəlif istehsalçılar tərəfindən istehsal
olunan və qiymətləri müxtəlif olan dövlət qeydiyyatına alınmış dərman
vasitələri var: "Bu o demək deyil ki, hansı dərmanın qiyməti
aşağıdırsa, onun keyfiyyəti aşağı, yaxud da dərmanın qiyməti
yüksəkdirsə, onun keyfiyyəti yüksəkdir. Keyfiyyətin təminatçısı, əsas
parametri dövlət qeydiyyatı, qeydiyyat vəsiqəsidir”.