“TurAz Qartalı - 2015”: Qafqaz İslam Ordusunun yenidən doğuşu? - ANALİZ

“TurAz Qartalı - 2015”: Qafqaz İslam Ordusunun yenidən doğuşu? - ANALİZ
Avqust ayının regionumuz üçün ən mühüm və yaddaqalan hadisəsi Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdikləri "TurAz Qartalı - 2015" hərbi təlimləri oldu.
İki qardaş ölkənin dünyanın ən narahat regionlarından biri olan Qafqazda birgə keçirdikləri Hərbi Hava Qüvvələrindən müdafiə birliklərinin hərbi təlimləri, düşmənlərimiz tərəfindən ciddi narahatlıqla izləndi. Erməni mediasının "qarın ağrısı", Rusiyanın diqqətini bu təlimlərə yönəltmək cəhdləri, hətta bəzi erməni politoloqların döyüş xəttinə yaxın keçirilən "TurAz Qartalı - 2015" təlimlərinin Moskvanın regiondakı maraqlarına vurulan zərbə olması fikrini səsləndirmələri, qardaş Türkiyə ilə aramızdakı istənilən yaxınlaşmadan onların nə qədər qorxduğunu bir daha gözlər önünə sərir.
Azərbaycan və Türkiyə hərbçilərinin birgə əməliyyatını nəfəsini çəkərək qorxu içərisində izləyən ermənilər, Rusiyadan bu təlimlərə reaksiya gəlməyincə, bu dəfə Moskvanı şantaj etməyə və anti-Rusiya təbliğatı aparmağa başladılar. "TurAz Qartalı - 2015" təlimləri haqqında ümumiyyətlə heç bir fikir səsləndirməyən rusiyalı rəsmilər, siyasi şərhçilər və hərbi ekspertlər ermənilərin qəzəbinə tuş gəldilər. Ermənistanın bir neçə aparıcı internet-media resursunda Rusiyanın artıq sonunun çatdığı, hətta Qafqazda öz maraqlarını qoruya bilmədiyi haqda onlarla material dərc olundu. Ruslara Gümrü cəlladı Permyakov və Moskvanın Ermənistana qarşı həyata keçirdiyi müstəmləkəçilik siyasəti xatırladıldı.
Əslində, proseslərin bu yöndə inkişafı həm bizim, həm də Rusiyanın xeyrinədir; çünki ermənilərin bu həyasız vay-şivəni, ruslara onların əsl iç üzünü açıb göstərir və 2 əsrdən artıqdır ki, regionu nəzarətində saxlayan Moskvanın, ermənilərin timsalında "qoynunda ilan bəslədiyini" Kremlin indiki rəhbərlərinə çatdırır.
 
*** 
Erməni isteriyası ruslara 1827-ci ildə Azərbaycanın İrəvan xanlığının işğalından sonra bu torpaqlarda "Ermənistan" adlı saxta dövləti yaratmalarının tarixi bir səhv olduğunu dərk etmək imkanı qazandırır. Şünki dünyanın ən güclü kəşfiyyat orqanlarından birinə malik olan Rusiya gözəl bilir ki, nə Azərbaycandan, nə də Türkiyədən ona heç bir təhdid yoxdur. Rusiya ermənilərin yersiz isteriyasını və Ankara ilə Moskvanın hər fürsətdə arasını vurmağa çalışdığını gözəl başa düşür və hər keçən gün yürütdüyü Qafqaz siyasətini bir az da dəyişdirərək, ona yeni istiqamət verir. Ermənistana etdiyi təmənnasız yardımların son 25 ildə onlarla milyard dollar təşkil etdiyini görən Rusiya, artıq öz maraqlarını düşünmək, son bir ildə iqtisadiyyatını iflic edən böhrandan çıxmaq üçün yeni maliyyə qaynaqları axtarmaq məcburiyyətində qalır. Ermənistana etdiyi silah və maliyyə yardımlarının bir hissəini pula çevirən Rusiya, 2008-ci ildə anladı ki, eynən Sovet dövründəki kimi Ermənistan hazır yeyən, izafi xərc edən xeyirsiz və perspektivsiz, ölü bir regiondur. Buraya qoyulan heç bir sərmayə özünü doğrultmayacaq, ona görə də İrəvanın borcları qarşılığında bu ölkədə qiymətdə və vəzndə ağır nə vardısa, hamısını borcun əvəzində müsadirə edərək öz şirkətinin mülkiyyətinə çevirdi. Bu gün Ermənistanın bütün dövlət şirkətləri, nəqliyyat, elektrik, qaz təchizat sistemləri və hətta Zəngəzurdakı faydalı qazıntı yataqları belə, Rusiyaya məxsusdur.
 
*** 

XX əsrdə müsəlman Şərqinin ilk demokratik dövlətini qurmuş şanlı bir millətin nümayəndəsi kimi, hər birimiz tarixi düşmənlərimizi və dostlarımızı yaxşı tanımalı, qanla yazılmış tariximizin səhifələrindəki sətirləri əzbər bilməliyik.
 
***
"TurAz Qartalı - 2105" təlimləri həm miqyasına, həm də ağır silahların istifadə edildiyi bir təlim kimi, Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən birgə keçirilən ən böyük hərbi təlim hesab edilə bilər. Hərbi mahiyyətinə baxıldığında, bu təlimlərdə yerinə yetirilən döyüş tapşırıqları zamanı ən müasir hava ünsürləri olan qırıcı-bombardımançı təyyarələrin uçuş yüksəkliyindəki bütün şərti hədəfləri tam dəqiqliklə vuruldu. Azərbaycan Hava Hücumundan Müdafiə qoşunlarının balansındakı müxtəlif növ zenit-raket qurğularından istifadə edildi. Türkiyə Silahlı Qüvvələrinin texniki heyəti isə zenit komplekslərinin idarə olunmasında azərbaycanlı hərbçilərlə birlikdə iştirak etdilər. Təlim zamanı S-125 zenit raketlərindən praktiki istifadə etməklə, şərti hədəflər məhv edildi. Təlimlər isə tam gücü ilə davam edir.
 
***
Son dəfə iki qardaş ölkənin orduları ümumi və tarixi düşmənlərimizə qarşı 1918-ci ildə Qarabağ, Göyçə, Zəngəzur, Gəncəbasar, Şirvan və Abşeronda şanlı Qafqaz İslam Ordusunun tərkibində vuruşmuşdular. Azərbaycanı bir dövlət, burada yaşayan türkləri və müsəlmanları bir millət, xalq, toplum kimi məhv etmək tapşırığı almış azğın, təpədən dırnağa kimi silahlanmış bolşevik-daşnak bandit dəstələri məhz Azərbaycan-Türkiyə hərbi birliyi olan Qafqaz İslam Ordusunun qəhrəman əsgərləri tərəfindən uzun sürən qanlı döyüşlərdən sonra məhv edilmişdi. Bu gün dünyanın belə təlatümlü çağında yenidən Qafqaz İslam Ordusunun doğuşu, türk-müsəlman birliyi torpaqlarımıza rusların və digər xaçpərəst ölkərin köməyi ilə yiyələnmiş erməni parazitlərinin xain ürəyinə xəncər kimi saplanmaqdadır.
 Bu təlimlər bir daha göstərir ki, Azərbaycan hakimiyyətinin bütün atdığı addımlar, yürütdüyü siyasət yalnız və yalnız dövlətimizin müstəqilliyinin təhlükəsizliyinin qorunmasına, milli və dövlət maraqlarımızın təmin olunmasına, tarixi torpaqlarımızın qaytarılmasına yönəlib.
 Şanlı, milyonlarla vətən oğlunun qızıl qanı ilə yazılmış tariximizi untmamalıyıq ki, bir daha içimizdən yolunu sapmış, düşmən tərəfindən aldadılmış, sapı özümüzdən olan baltalar çıxmasın. Tariximizi özümüz yazmalı və onu elə yadda saxlamalıyıq ki, Allah bizə bir daha müstəmləkə acısını yaşatmasın!

Bakuinfo.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az