YAP-çı deputat insan haqlarının durumu ilə bağlı tənqidləri qəbul etmir
Dünyanın nüfuzlu "Amnesty İnternational” hüquq müdafiə təşkilatı Azərbaycanda insan hüquqlarının durumuna dair hesabat yayıb.
Gununsesi.info-nun xəbərinə görə, hesabatda ölkəmizdə insan haqlarının durumu kəskin tənqid olunub.
Sənəddə bildirilir ki, son illər ərzində hökumət tənqidçilərini susdurub və yüzlərlə insan həbs edilib.
YAP-dan olan deputat Səyyad Aran isə Gununsesi.info-ya açıqlamasında hesabatla razılaşmadığını deyib:
"Ümumiyyətlə, "Amnesty İnternational” hər il bu cür hesabatlar yayır. Mən bir dəfə də olsun görmədim ki, ölkəmizdəki islahatlar barədə bir cümlə bu hesabatlara daxil olsun. Azərbaycanda məhkəmə-hüquq islahatları aparılıb. Yeni qanunvericilik bazası yaradılıb. Bunların heç biri barədə danışılmır. Azərbaycanda böyük Amnistiya Aktı elan olundu. Amma bu barədə həmin sənəddə heç nə yazılmır. Çalışırlar ki, nöqsan tapsınlar və onu sənədləşdirsinlər. Ona görə də hesab edirəm ki, "Amnesty İnternational”ın hesabatı obyektiv deyil”.
Qeyd edək ki, "Amnesty International” beynəlxalq insan haqları təşkilatı "Dünyada insan haqlarının vəziyyəti” adlı illik hesabatını açıqlayıb.
Hesabat 2025-ci ildə 144 ölkədə insan haqlarının vəziyyətini əhatə edir və milli, regional və qlobal səviyyədə baş verən inkişafları geniş şəkildə təhlil edir.
Hesabatda bildirilir ki, bir çox dövlətlər beynəlxalq hüquqa əsaslanan qaydalar sistemini zəiflədərək milyonlarla insanın həyatına təsir edən problemlərin həllini çətinləşdirib. Sənəddə silahlı münaqişələr, etirazların boğulması, ayrı-seçkilik, iqtisadi və iqlim ədalətsizliyi, humanitar yardımların qəfil dayandırılması və texnologiyalardan sui-istifadə kimi əsas tendensiyalar vurğulanır.