Q.Hüseynlinin vurğulamasına görə, status məsələsinə Rusiya tərəfindən ilk vaxtlar yanaşma çox ehtiyatlıydı, indi Moskva yenidən ATƏT-nin Minsk Qrupunu işə salıb: "Əvvəlki vaxtlarda fərqliydi, Moskva 2+2 formuluna üstünlük verirdi, Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan, indi beynəlxalq mandatın lazım olduğunu deyərək Ankaranı proseslərdən kənarda qoymağa çalışır. Amma Rusiya-Türkiyə monitorinq qrupu fəaliyyət göstərirsə, deməli, Türkiyə Cənubi Qafqaza yerləşib. Gələcək hadisələrin inkişafında Türkiyənin mövqeyi mütləq nəzərə alınacaq”.
Politoloqun fikrincə, əslində, Azərbaycan dövlət başçısı demək istəyir ki, 10 noyabr sazişi yerinə yetiriləcəksə, bölgədə layihələrin reallaşması mümkündür: "Əgər Ermənistan özünü normal aparıb proseslərin gələcəyini görəcəksə, çox böyük uduş əldə edə bilər. Yox, Rusiya tərəfi Ermənistan ordusunu yenidən qurub, silahlar verib gərginlik yaradan mərkəzə çevirmək istəyirsə, bu, baş tutmayacaq. Prezident onu da əlavə etdi ki, nə qədər yalançı kreditlərlə Ermənistana silah vermək olar, bunları dəyəri 5-6 milyard dolları ötüb. Bütün hallarda bölgədə gərginliyin baiskarı bir superdövlətdir, o da əməlləriylə bunu sübuta yetirir”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə "Azadlıq” radiosuna deyib ki, 10 noyabr bəyanatının 9 bəndindən 3-ü yerinə yetirilməyib. Onun fikrincə, yerinə yetirilməyən bəndlər deyəndə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, qaçqınların geri qayıtması, 51-dən çox yaşayış məntəqəsinin boşaldılmamasından söhbət gedir.
Ekspertin deməsinə görə, həmçinin Dağlıq Qarabağ daxili kommunikasiyaların açılması müzakirə mövzusudur: "Sənəddə daxili kommunikasiyaların açılması göstərilsə də, konkret olaraq Mehri dəhlizindən danışılır. Bu 3 bənd yerinə yetirilmədiyi üçün müzakirə mövzusu olduğunu düşünürəm. Bunların əsası adına "Qarabağ müdafiə ordusu” qoyduqları Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması və qaçqınların yurdlarına qaytarılmasıdır. Bura Şuşanın 33 kəndi, Ağdərənin 14 kəndi, Xocalı, Kərkicahan, Kosalar, Xocavəndin iki kəndi daxildir. 1992-ci ilə qədər bu kəndlərdə azərbaycanlılar yaşayıb, onlar qayıtmalıdır. İndiyə qədər həmin bəndlər yerinə yetirilməyib.//azpolitika.info//