“Axmaqlıq eləməyin….Sovet ordusu Bakıdan təcili çıxmalıdır” – Allahşükür Paşazadənin 1990-cı ildə rus jurnalistlərinə müsahibəsi (VİDEO)

“Axmaqlıq eləməyin….Sovet ordusu Bakıdan təcili çıxmalıdır” – Allahşükür Paşazadənin 1990-cı ildə rus jurnalistlərinə müsahibəsi (VİDEO)

İnternetdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin 1990-cı il 20 yanvar faciəsindən sonra Təzəpir məscidində rus jurnalistlərinə verdiyi müsahibəsinin videoyazısı yayımlanıb. 

Müsahibə 1990-cı ilin yanvarın 27-də, qətliamdan bir həftə sonra götürülüb.

İndiyə qədər heç yerdə göstərilməyən bu kadrlarda şeyx rus jurnalistlərinin yanvar faciəsi ilə bağlı suallarını cavablandırır. Bu cavablarda maraq doğuran xeyli məqamlar diqqəti çəkir.
Sovet ordusunun Bakıya daxil olmasını sərt şəkildə ittiham edən A.Paşazadə jurnalistlərə bildirir ki, bütün baş verənlərə görə günahkarlar cəzalandırılmalıdır.

"Bura bəyəm Əfqanıstandır? Sovet ordusu şəhərə niyə girib?” -deyə sərt şəkildə danışan A.Paşazadə vurğulayır ki, SSRİ hakimiyyətindəki rəhbərlər Azərbaycan xalqının xarakterindən xəbəri yoxdur. Siyasi suallarla dini idarə rəhbərini müəyyən qədər sıxmaq istəyən jurnalistlərə A.Paşazadə "mən siyasətçi deyiləm. Amma gördüyümü demişəm” cavab verərək M.Qorbaçova yazdığı müraciətə üstüörtülü toxunub.

"Biz son dəqiqəyə qədər sovet ordusunun şəhərə daxil olub əhalini qıracağına inanmırdıq”-deyə A.Paşazadə bildirir.

Şeyx qeyd edir ki, 20 yanvardan sonra neçə gündür ordu şəhərdə provokasiyalar törədir. Dinc əhalini atəşə tutur. "Daha axmaqlıq eləmək lazım deyil. Ordu şəhərdən təcili çıxmalıdır” –deyə A. Paşazadə rus jurnalistlərinə bildirir.

Daha sonra kadrlarda 20 yanvar faciəasində həlak olmuş Azərbaycandakı rus ailələrinin üzvlərinin şeyxlə görüşü təsvir olunur. A. Paşazadə ağlayan bu qadınlara başsağlığı verir.

Müsahibədə o dövrün gərgin atmosferi aydın nəzərə çarpır.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az