Rusiyada sevgilisinin və 4 yaşlı qızının başını kəsərək qətlə yetirən azərbaycanlı ilə bağlı şok məlumat ortaya çıxıb
Rusiyanın Orsk şəhərində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitini ilk olaraq qadının anası görüb. O, ailənin böyük övladını gəzməkdən gətirərkən mənzilin qarşısında qan ləkələri görüb. Evə daxil olanda isə boğazı kəsilmiş qızı və anasının meyitini aşkar edib.
Məlumata görə, qatil 1984-cü il təvəllüdlü Rauf Qardaşovdur. Qətlə yetirilən 4 yaşlı azyaşlı elə azərbaycanlı Rauf Qardaşovun öz qızıymış. Qızcığaz R.Qardaşovla sevgilisinin birgə münasibətindən doğulubmuş.Bir neçə gün əvvəl yerli məhkəmə onun deportasiya edilməsi barədə qərara çıxarıbmış. Qərar bu günlərdə həyata keçiriləcəkmiş.
Hazırda Qardaşovun tutulması istiqamətində əməliyyat başlayıb. Şəhərin bütün giriş və çıxışları nəzarətə götürülüb. Qardaşovun çevrəsinə aid olan şəxslər dindirilir. İstintaq qətli törətdikdən sonra, qatilin intihar etmə ehtimalı versiyasını da araşdırır. Hadisənin baş vermə səbəbləri ilə bağlı rəsmi məlumat yayılacaq.