Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC Bakıda əhaliyə və şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün bəzi ərazilərdə parkinq yerlərinin ləğv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə "Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, paytaxtın bir sıra avtomobil tunellərinin üzərində qanuni-qanunsuz parkinqlər yaradılıb ki, onlar çox böyük təhlükə mənbəyinə çevrilib: "Parkinq yerlərinin bəziləri qanunsuz, bəziləri isə qanunidir və hətta həmin ərazilərdə parkomatlar quraşdırılıb. Həmin duracaqlarda eyni anda 100-200 avtomobil dayanır. Lakin tunellər inşa edilərkən bu qədər yükə, onun üstündən avtomobillərin duracaqları üçün istifadə edilməsinə hesablanmayıb. Həmin tunellərin içi və üstü sadəcə nəqliyyat vasitələrinin hərəkəti üçün hesablanıb".
A.Nəcəfli qeyd edib ki, düzdür, hələlik bu gün hər şey normaldır.
Lakin heç kim zəmanət verə bilməz ki, həmin ərazilərdə hər hansı bədbəxt
hadisə baş verməyəcək: "Məsələn, Bakının "Şamaxinka” deyilən ərazisi
var. Orada Moskva prospektindəki tunelin üstündə parkomatlar
quraşdırılıb və ərazi parkinq kimi istifadə olunur. Lakin o tunel
duracaqdakı avtomobillərin ağırlıq yükünə hesablanmayıb. Sabah hər hansı
bədbəxt hadisə baş verəndə heç kim orada parkomat quraşdıranlardan
hesab sormayacaq. Hamı bizi günahlandıracaq. Başqa ərazilərdə isə
tunellərin üstündən qanunsuz parkinq kimi istifadə olunur. Bunlara
nəzarət gücləndirilməli və aradan qaldırılmalıdır. Allah eləməsin, heç
kim sabah orada hansısa bədbəxt hadisənin baş verməsindən
sığortalanmayıb. Bu isə, ilk növbədə, insanların, əhalinin həyatı üçün
təhlükə törədir”.
O, əlavə edib ki, "Azəryolservis" ASC bununla əlaqədar Nazirlər
Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına müraciət
ünvanlayıb: "Biz Komissiyaya konkret təklif irəli sürmüşük ki, baş verə
biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə böyük məbləğdə
dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün
və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadəsi qadağan
edilsin. Tunellər hələ ki, yenidir və ona görə də nisbətən dözümlüdür.
Lakin tunelin üzərində saxlanılan 100-200 avtomobilin ağırlığı
nəticəsində getdikcə həmin tunellərin üstündəki yolların elastikliyi
itir. Bir müddət sonra isə tunellər yükün ağırlığına tab gətirməyib
dağıla bilər. Bir daha bildirirəm ki, bu sahədə vəziyyət həqiqətən çox
acınacaqlıdır və ciddi fəsadları ola bilər”.