Biləsuvarda aksiya: polis müdaxilə edib

Biləsuvarda aksiya: polis müdaxilə edib

"İctimai asayişi pozan bir neçə rayon sakini polis şöbəsinə gətirilib"

İyulun 28-də Biləsuvar rayonunda bir qrup sakin etiraz aksiyası keçirib. Səbəb bəzi kəndlərdə su probleminin olmasıdır.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdən görünür ki, polis aksiyaya müdaxilə edib, etiraz edən insanları saxlayıb.

Daxili İşlər Nazirliyi də bu barədə açıqlama yayıb.

Nazirlik bildirib ki, Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq bu gün rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin verdiyi məlumata görə, etirazçılar Yuxarı Cürəli və Təzəkənd kəndinin sakinləri olub: "Onlar icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək nəqliyyatın hərəkətinə mane olublar. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqlara riayət etməyən və ictimai asayişi pozan bir neçə rayon sakini polis şöbəsinə gətirilib".

Məhəmməd Rzayev deyib ki, qalan sakinlər isə problemlə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı və adiyyatı qurumların rəhbərləri tərəfindən qəbul edilib: "Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür".

"Turan" İnformasiya Agentliyinə isə Biləsuvar rayon Polis Şöbəsindən deyilib ki, iyulun 28-də şöbəyə gətirilənlərin 6-sı söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Daha bir neçə şəxslə bağlı isə araşdırma getdiyi qeyd edilib.

Son illər Azərbaycanın müxtəlif rayonlarında su qıtlığı problemi yaranıb. Həmin rayonların sakinləri içməli suyu pulla aldıqlarını və buna imkanlarının çatmadığını deyirlər.///Meydan TV


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az