Deputat: "Deyirlər ki, İranla müharibə olsa, Azərbaycan qalib gələ bilməz, bu, ara qarışdırmaq məqsədilə səsləndirilən fikirlərdir"
"Deyirlər ki, İranla müharibə olsa, Azərbaycan qalib gələ bilməz. Bu, qızışdırıcı, ara qarışdırmaq məqsədilə səsləndirilən fikirlərdir. Azərbaycanın İranla müharibə etmək fikri yoxdur ki, kim qalib gələcək, kim qalib gəlməyəcək məsələsi də müzakirə olunsun. İstəyirik ki, İranda da müharibə dayansın, qırğınlar törədilməsin. Bölgədə və bütün dünyada hamı sülh şəraitində yaşasın. Bu bizim sülhsevər siyasətimizdir. O ki qaldı İranın bizə qarşı hərəkətlərinə, fikirlərinə, biz bunu uzun illərdir, yaşayırıq. Keçən 35 il ərzində bunu görmüşük. İşğalçı, düşmən dövlətə olan köməkliklərin şahidi olmuşuq. Bizim mövqeyimiz isə bəllidir, sülhsevər dövlətik. İranla bizim tərəfimizdən heç bir problem olmayacaq. Allah eləsin, İran tərəfi pis niyyətə düşməsin".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Deputat xatırladıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Ordu səfərbərlik vəziyyətinə gətirilib: "Bu, o demək deyil ki, Azərbaycan İranla müharibəyə, yaxud İrana hücum etməyə hazırlaşır. Qətiyyən! Belə düşünənlər şantaj xarakterli əsası olmayan fikirlər səsləndirirlər. İran ərazisində müharibə gedir, bombardımana məruz qalıb. İran qonşu sərhədyanı dövlətdir. Təbii ki, biz öz təhlükəsizliyimizi təmin etmək üçün ordumuzu hazır vəziyyətə gətirmişik. İran dörd ədəd dronla ərazimizə qarşı terror aktı həyata keçirdi. Belə gözlənilməz hadisələrin qarşısını almaq üçün Azərbaycan Ordusu tam hazır vəziyyətə gətirilib".
E.Məmmədov qeyd edib ki, Azərbaycan müharibə tərəfdarı olan dövlət deyil: "Biz ədalətli, haqlı müharibəmizi etdik, torpaqlarımızı geri qaytardıq, ərazilərimizi düşməndən təmizlədik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etdik. Başqa dövlətə qarşı hər hansı müdaxilə etmək, müharibə aparmaq fikrində olmaq Azərbaycan dövlətinin siyasəti deyil. Azərbaycan bütün qonşuları ilə bölgədə sülh şəraitində yaşamaq siyasətini yürüdür. Cənab Prezident həmişə bəyan edir ki, biz sülh yaratmaqla məşğuluq. Qara düşüncəli, Azərbaycanın ünvanına şər-böhtan xarakterli fikirlər səsləndirənlər var, Allah onların bəlasını versin. İranda 40 milyondan çox soydaşımız yaşayır. İranla nə işimiz var ki, müharibə fikrində olaq".