Deputat: “Qarabağda bəzi evlərdə çatışmazlığın olması bu anlama gəlmir ki, bütün evlər belədir...”
"Qabağda müasir evlər tikilir. Özüm də həmin bölgələri gəzmişəm. Qarabağın hər bir guşəsi yüksək səviyyədədir. "Bu gün görülən işlərdən narazılıq var" deyilməsi haqsızlıqdır, ədalətsizlikdir. Bu qədər işi qısa vaxta heç bir dövlət görə bilməzdi. Azərbaycan isə bunu etdi. İşğaldan azad olunmuş ərazilərdə hansısa evdə müəyyən problemlərin olmasına gəlincə, insan faktoru olan yerdə problemlər də ola bilər. Bəzi evlərdə çatışmazlığın olması bu anlama gəlmir ki, bütün evlər belədir. İnsan öz evini təmir etdirdikdə də problemlər yaşaya bilir, sonra aradan qaldırır. Bunu ümumiləşdirmək yanlışdır. Belə formada təqdim etmək də düzgün və sağlam yanaşma deyil. İnsanlar ədalətli olmalı, görülən işləri düzgün qiymətləndirməlidirlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan beş ildən artıq müddətdə Qarabağda və Şərqi Zəngəzurda azad olunmuş ərazilərdə çox böyük layihələr həyata keçirib: "Azərbaycan Ordusu Füzulini azad edəndə bayraq sancmağa yer tapa bilmirdi. Qısa müddətdə böyük quruculuq və abadlıq işləri aparıldı. Dünyanın heç bir yerində belə unikal model və yanaşma yoxdur. Bu, Azərbaycan dövlətinin gücünün göstəricisidir. Qarabağda hazırda möhtəşəm, böyük işlər görülür. Bütün bunlar bilavasitə cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilir. Altı ilə yaxın müddətdə bu qədər işi görmək, layihələr həyata keçirmək hər dövlətə nəsib olmur. Qısa müddətdə minalar təmizləndi, abadlıq işlərinə başlanıldı və bu gün qarşımızda abad, firavan Qarabağ var”.