Dünən dövrü mətbuatda dərc edilmiş "Beytulla Hüseynovun DYP-dəki qohumunun başı dərddə” adlı məqalə dərc olunmuş məqalə ilə bağlı DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov təkziblə çıxış edib.
VİZUAL.az həmin təkzibi oxucularına təqdim edir:
"Dünən dövrü mətbuatda dərc edilmiş "Beytulla Hüseynovun DYP-dəki qohumunun başı dərddə” adlı məqalədə əsassız olaraq iddia edilir ki, guya DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Balakişi Əhmədovun bu vəzifəyə təyin olunmasında hansısa eks-nazirin, hansısa eks-sədrin "müstəsna xidmətləri” olub və s.
Birmənalı olaraq bildirirəm ki, bu gülünc iddialar xəbəri hazırlayan müəllifin öz təxəyyülünün məhsuludur və reallığdan çox-çox uzaq olan bir uydurmadır. Həqiqət isə ondan ibarətdir ki, uzun müddət yol polisi xidmətində çalışan polis polkovniki Balakişi Əhmədovun peşəkarlığını, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacaran bir zabit olmasını nəzərə alan Daxili İşlər Nazirliyinin rəhbərliyi onu hazırkı vəzifəsinə layiq bilmiş və cənab nazir Ramil Usubovun əmri ilə o Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini olmaqla Yol Patrul Xidməti Alayının komandiri vəzifəsinə təyin edilmişdir. O da bu vəzifənin məsuliyyətini hər zaman düzgün qiymətləndirmiş və DİN rəhbərliyi tərəfindən ona göstərilmiş etimadı öz xidməti fəaliyyəti ilə doğrultmuşdur və hazırda da öz xidmət vəzifəsinin icrasını layiqincə yerinə yetirir. Sonda onu da bildirim ki, B.Əhmədov indiki vəzifəsinə təyin olunanda, müəllifin qeyd etdiyi "eks”lər hələ nazir və sədr vəzifələrinə təyin edilməmişdilər...
Müəllifə tövsiyyəm budur ki, əvvəla yalan yazmasın. Yazırsa, uydurursa, heç olmasa, məntiqi unutmasın...”