Elman Nəsirov: “Xalqımız çox yaxşı bilir ki, kim kimdir...”
Milli Məclisin deputatı Elman Nəsirov sosial şəbəkələrdə hazırda barəsində cinayət işi açılan Prezident Adiminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kadrı olması barədə yayılan ittihamlara aydınlıq gətirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, xaricdən idarə olunan səhifələr gecə-gündüz dezinformasya yayırlar.
"Kimlər ki deputat olaraq fəaldır, vətəndaş mövqeyi var, dövlətini, dövlətçiliyi müdafiə edir, onları hədəf alırlar. Olmayan beyinlərindən elə fikirlər istehsal edirlər ki, hətta "bişmiş toyuğun belə gülməyi gəlir”. Reallıq budur. Məlum olduğu kimi, Ramiz Mehdiyev işi ilə bağlı bu gün mətbuatda feyk məlumatlar çox geniş yayılmaqdadır. Xüsusilə, xaricdə olan və özünü bloger kimi təqdim edən, əslində isə milli dönüklər gecə-gündüz dezinformasiya yaymaqla məşğuldurlar. Dediyim kimi, olmayan beyinlərinin məhullarını ortaya qoyurlar, yalan-palan, iftira ifraz etmək ənənələrinə sadiqlik nümayiş etdirirlər. Ramiz Mehdiyevin həbsi ilə bağlı bu gün istintaq prosesi getməkdədir. Çox ağır ittihamlar irəli sürülüb. Hesab edirik, tezliklə bu məsələlərə tam aydınlıq gələcək. Ramiz Mehdiyevlə bağlı mən də dəfələrlə öz mövqeyimi ifadə etmişəm. Xüsusilə, 2020-ci ilin avqust ayında pandemiya dövründə onun nəvəsinə toy etməsi ilə də bağlı açıq şəkildə mövqeyimi bildirdim və qeyd etdim ki, qanun qarşısında hamı bərabərdir, heç kim qanunun fövqündə dayana bilməz. Tənqidi baxışlarımı bir daha ifadə etdim. O zaman Ramiz Mehdiyev on altı nəfəri məhkəməyə verəcəyi ilə hədələmişdi. Onların sırasında mən də var idim. İndi də Mehdiyevin ətrafında baş vermiş hadisələrlə konkret mövqeyimi ortaya qoyuram, debatlarda iştirak edirəm, müsahibələr verirəm. Hər zaman dövlətimin mövqeyini müdafiə edirəm. Onsuz da xalqımız, eyni zamanda Dövlət Təhlükəsizliyi Xidməti çox gözəl bilir ki, kim kimdir”, - deputat deyib.